Beynəlxalq Əlyazma günü


23.01.2019 2715


Hər il yanvarın 23-ü "Xətt Günü" və ya daha gözəl deyimlə, "Əl Yazısı Günü" ("National Handwriting Day") qeyd olunur. Bu günün qeyd olunmasında əsas məqsəd insanlara əl yazısının unikallığını, hər bir insanın əl yazısının özünəməxsusluğunu, əl ilə yazı yazmağın vacibliyini xatırlatmaqdır.

Dövrümüzdə kompüterlərin, elektron poçtların, mesajların, sosial medianin və digər sürətli ünsiyyət vasitələrinin ildən-ilə populyarlıq qazanması müasir insanı öz fikirlərini əli ilə yazaraq ifadə etməkdən uzaqlaşdırıb. Bəlkə də yaxın gələcəkdə əl ilə yazılan məktub və ya açıqca arzu olunan hədiyyə olacaq, əslində bu gün də artıq belədir desək, yanılmarıq.

Bu bayram ilk dəfə müasir texnologiyanın daha çox inkişaf etdiyi ABŞ-da qeyd  olunmağa başlayıb. ABŞ-ın yazı ləvazimatları istehsalçılarının assosiasiyasının bu addımı atmaqda məqsədi əl yazısının dəyərini xatırlatmaq və onun populyarlığını qoruyub saxlamaq olub.

Yanvarın 23-nün məhz “Əl yazısı günü keçirilməsi isə təsadüfi deyil. Bayramın tarixi ABŞ-ın məşhur dövlət xadimi Con Xenkokun anadan olduğu gündür. Xenkok ABŞ-ın Müstəqillik Bəyannaməsinə ilk imza atan şəxs kimi tarixə düşüb. 

Qeyd edək ki, Çində, Yaponiyada və bir çox digər Asiya ölkələrində gözəl yazmaq bacarığı incəsənət hesab olunur və bu gün hətta kalliqrafiya ustaları çox yüksək qiymətləndirilir. Başqa ölkələrdə gözəl əl yazısı çox yüksək qiymətləndirilməsə də, yaxşı xətt, əl yazısı hər yerdə hörmətə layiq görülür. Nəzərə alsaq ki, bütün dünyada poçtu simvolizə edən əsas poçt göndərişi məktubdur və tarix boyu məktub xüsusi əlyazma hesab olunub, deməli bu gün həm də bütün dünyada poçt işçiləri üçün önəmli tarix hesab edilir. 



Onlayn konsultasiya