Aprel döyüşlərinə həsr olunan poçt markaları


03.04.2019 2443


“Aprel döyüşləri-2016. Lələtəpə” adlı poçt markaları və birinci gün zərflərinin təqdimatına həsr olunmuş tədbir keçirilib. 100 ədəd birinci gün zərfi hazırlanıb xatirə ştempeli ilə möhürlənərək satışa çıxarılıb. Markalar işğal olunmuş Dağlıq Qarabağ ərazisində  2016-cı ilin 1-5 aprel tarixlərində təmas xəttində baş vermiş döyüşlərin 3 illiyinə həsr edilib.

Markaların buraxılmasında əsas məqsəd Azərbaycan ordusunun işğal olunmuş ərazilərdəki uğurlu əməliyyatlarından biri sayılan aprel döyüşlərində yüksək şücaət nümayiş etdirərək, vətən uğrunda canından keçmiş zabit və əsgərlərin xatirəsini əbədiləşdirmək, onların qəhrəmanlığını gələcək nəsillərə çatdırmaqdır.

Markanın üzərində qrafik şəkildə hərbi kamuflyaj fonunda aprel döyüşlərinin ən əhəmiyyətli uğuru sayılan Lələtəpə yüksəkliyi, təpənin üzərində Azərbaycan bayrağı təsvir olunub.

Səkkiz markadan ibarət kiçik vərəq şəklində hazırlanan markaların rəssamı Nəriman Məmmədzadədir. Markalar Belarus Respublikasının Bobruysk şəhərində, A.T. Nepoqodin adına mətbəədə 24 min tirajla8 markadan ibarət 3 min kiçik vərəq olmaqla çap olunub. Bir markanın ölçüsü 40x28 mm, vərəqin ölçüsü 98x130 mm-dir.



Onlayn konsultasiya