31-ci Beynəlxalq İnformatika Olimpiadasına həsr olunan poçt markaları dövriyyədə


11.08.2019 1741


Avqustun 10-da Heydər Əliyev Mərkəzində Təhsil Nazirliyinin təşəbbüsü, ADA Universiteti, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin dəstəyi ilə keçirilən 31-ci Beynəlxalq İnformatika Olimpiadasının bağlanış mərasimi baş tutub. 
Mərasimdə həmçinin, yarışmaya həsr olunan poçt markası təqdim olunub. Buraxılış bir markadan ibarət blok şəklində hazırlanaraq, 5000 ədəd tirajla Belarus Respublikasının Bobruysk şəhərində çap edilib. Blokun ölçüsü 75x95 mm, markanın ölçüsü isə 37x52 mm-dir.

Markanın üzərində “31-ci Beynəlxalq İnformatika Olimpiadası”nın, blokun sahəsində isə əvvəlki Olimpiadaların loqotipləri təsvir olunub. 
Marka ilə yanaşı xatirə ştempeli və 1000 ədəd “Birinci gün” zərfləri də hazırlanıb.

Poçt markasının və “Birinci gün” zərflərinin dizayneri Nəriman Məmmədzadə, xatirə ştempelinin dizayneri Anar Mustafayevdir.

Qeyd edək ki, mərasim çərçivəsində “Azərmarka”nın direktoru Leyla Güləliyeva və ADA Universitetinin İnformasiya Texnologiyaları və Mühəndislik İnstitutunun dekanı Araz Yusubov “Birinci gün” zərflərini xatirə ştempeli ilə möhürləyiblər.



Onlayn konsultasiya