3 yaşlı "Şəbəkə"


10.02.2020 1299


Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin təşəbbüsü ilə 2017-ci il fevral ayının 10-da ilk "Şəbəkə" xidmət mərkəzi istifadəyə verilib.

Hazırda respublika üzrə 10 “Şəbəkə” xidmət mərkəzi fəaliyyət göstərir. Onlardan 6-sı paytaxt Bakıda, digər 4-ü isə Cəlilabad, Zaqatala, Sumqayıt və Ağdaş şəhərlərində yerləşir. “Şəbəkə” xidmət mərkəzlərinin Bakının bütün rayonlarını əhatə etməsi üçün tədbirlər görülür. Növbəti mərhələdə "Şəbəkə" mərkəzlərinin respublikanın digər ərazilərində də yaradılması istiqamətində işlər davam etdiriləcək.

Yaradılan müasir xidmət mərkəzlərində Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin qurumları tərəfindən vətəndaşlara göstərilən xidmətlər vahid məkandan təqdim olunur. "Şəbəkə" mərkəzlərində əhaliyə ənənəvi telekommunikasiya və poçt xidmətlərindən başqa, bank-maliyyə, eləcə də aviabilet satışı və turizm xidmətləri də göstərilir.

Eyni zamanda, “Şəbəkə” mərkəzlərində lokal və beynəlxalq ödəniş kartlarının, icbari sığorta, elektron imza, zərf, marka, açıqca satışı, pul köçürmələri, büdcə, kommunal, İpoteka və Kredit Zəmanət Fondu üzrə ödənişlər, mobil cihazların qeydiyyatı həyata keçirilir.

Mərkəzlərdə müştərilər həm də xüsusi özünəxidmət terminallarından istifadə edə bilirlər. “SmartPay” - ödəniş sistemi vasitəsi ilə kommunal, mobil, rabitə və bir çox digər xidmətlər üzrə ödəniş etmək mümkündür.

Vətəndaşlara fasiləsiz olaraq həftə içi hər gün, eyni zamanda şənbə və bazar, bayram günləri də xidmət göstərilir. "Şəbəkə" mərkəzlərinin yaradılmasında əsas məqsəd yüksək standartlara uyğun xidmət göstərilməsi, vətəndaşların rahatlığının təmin edilməsi, əlavə vaxt itkisinin qarşısının alınması, şəffaflığın artırılması və bürokratiya hallarının aradan qaldırılmasıdır.



Onlayn konsultasiya