Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi sərtləşdirilmiş xüsusi karantin rejimi günlərində gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək


20.06.2020 1089


Azərbaycan Respublikası Nazirlər Kabinetinin 19 iyun tarixli müvafiq qərarı ilə Bakı, Sumqayıt, Gəncə, Lənkəran, Yevlax, Masallı, Cəlilabad şəhərlərinin və Abşeron rayonunun ərazisində tətbiq olunan sərtləşdirilmiş karantin rejimi günlərində (2020-ci il 21 iyun saat 00:00-dan 5 iyul saat 06:00-dək) də əhali dayanıqlı nəqliyyat, telekommunikasiya və poçt xidmətləri ilə təmin ediləcək.

 

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi həmin günlərdə əhalinin nəqliyyat, poçt, telekommunikasiya, o cümlədən internet, mobil rabitə xidmətləri, radio-televiziya yayımı ilə keyfiyyətli və davamlı şəkildə təmin edilməsinə dair tabeli qurumlara, rabitə birlik və müəssisələrinə, həmçinin telekommunikasiya operatorlarına müvafiq tapşırıqlar verib.

 

Məsul növbətçilər təşkil edilməklə nəqliyyat, telekommunikasiya, radio-televiziya yayımının fasiləsiz və keyfiyyətli işinin təmin edilməsi, kabel və xətt zədələnmələrinin operativ aradan qaldırılması üzrə müvafiq tədbirlər görüləcək.

 

Respublika üzrə bütün telekommunikasiya qovşaqları, poçt şöbələri, “Şəbəkə” xidmət mərkəzləri fəaliyyətini davam etdirəcək.

 

Nazirliyin Aparatında, strukturuna daxil olan qurumlarda və strukturuna daxil olmayan tabeliyindəki qurumlarda vəzifə funksiyalarını evdə yerinə yetirmələri mümkün olan işçilər onlayn rejimində işə cəlb olunacaqlar. Texniki dəstək göstərən əməkdaşlar isə növbəli qrafiklə çalışacaqlar. Nazirliyin Aparatında və qurumlarında koronavirusun profilaktikası üzrə bütün zəruri qabaqlayıcı tədbirlər həyata keçirilir. İşçilər mütəmadi olaraq zəruri sayda fərdi qoruma vasitələri (tibbi maskalar, əlcəklər) ilə təmin edilirlər.

 

Vətəndaşlardan qarşılaşdıqları müvafiq problemlərlə bağlı “1655” nömrəli “Qaynar xətt”lə əlaqə saxlamaları xahiş olunur.



Onlayn konsultasiya