Türkiyənin Poçt və Teleqraf Təşkilatından Azərbaycana dəstək!


21.10.2020 538


Türkiyənin  Poçt və Teleqraf Təşkilatının Baş müdiri Hakan Gülten cəbhədə baş verən son hadisələrlə bağlı “Azərpoçt” MMC-nin Baş direktoru Emin Əfəndiyevə Azərbaycana dəstək haqqında məktub ünvanlayıb.

 

Məktubda bildirilir ki, Türkiyə hər zaman Ermənistanın başladığı hücumlardan qorunmaq üçün qanuni müdafiə hüququndan istifadə edən Azərbaycanın yanındadır. Acımızı və sevincimizi ürəklərində hiss etdiklərini yazan məktub müəllifləri  Ermənistanın atəşkəsi pozaraq Azərbaycana təcavüz etməsini onun təxribata meylli olmasının göstəricisi kimi qiymətləndiriblər.

 

“Ermənistan Qafqazda sülhə və sabitliyə ən böyük əngəldir.   Ermənistanın bu təcavüzkar davranışından əl çəkməsi yalnız Azərbaycan və Türkiyənin birgə və bərabər şəkildə ona qarşı dayanması ilə mümkün olacaq”, - deyə məktubda qeyd edilib. 

 

Daha sonra məktubda deyilir: “BMT və beynəlxalq ictimaiyyət tərəfindən Azərbaycanın bir parçası kimi tanınan Dağlıq Qarabağın dərhal işğaldan azad edilməsi ən böyük arzumuzdur. Buna görə də Azərbaycan ordusunun işğalda olan əraziləri azad etməsi xəbərlərini sevinclə qarşılayırıq. Dağlıq Qarabağ probleminin Azərbaycanın suverenliyi və torpaq bütövlüyü çərçivəsində həll edilməsini arzu edirik. Torpaq bütövlüyünü qorumağınız üçün apardığınız bu mübarizədə sizin yanınızda olduğumuzu bildirir və Ermənistanın alçaq təcavüzünü şiddətlə qınayırıq. 

Poçt və Teleqraf Təşkilatının (PTT) Baş Müdiri olaraq bütün PTT işçiləri adından Şəhidlərimizin qanının yerdə qalmayacağına inanaraq Ermənistanın xaincəsinə hücumu nəticəsində şəhid olan bütün qardaşlarımıza Allahdan rəhmət, yaralılara sağlıq və bütün Azərbaycan xalqına başsağlığı diləyirik”.



Onlayn konsultasiya