Beynəlxalq Əlyazma günü


23.01.2021 2163


Hər il 23 yanvar tarixi bir çox ölkələrdə "Əl Yazısı Günü" kimi qeyd olunur. Bu günün qeyd olunmasında əsas məqsəd cəmiyyətə hər bir insanın əl yazısının özünəməxsusluğunu, unikallığını, əl ilə yazı yazmağın vacibliyini xatırlatmaqdır.

 

Dövrümüzdə kompüterlərin, elektron poçtların, mesajların, sosial medianin və digər sürətli ünsiyyət vasitələrinin ildən-ilə populyarlıq qazanması müasir insanı öz fikirlərini əli ilə yazaraq ifadə etməkdən uzaqlaşdırıb. Bəlkə də yaxın gələcəkdə əl ilə yazılan məktub və ya açıqca arzuolunan hədiyyəyə çevriləcək. Əslində bu gün də artıq belədir desək, yanılmarıq.

 

Bu bayram ilk dəfə müasir texnologiyanın daha çox inkişaf etdiyi ABŞ-da keçirilib. Tədbirin təşəbbüskarı ABŞ-ın Yazı Ləvazimatları İstehsalçıları Assosiasiyası olub.

“Əl yazısı günü” nün məhz yanvarın 23-də keçirilməsi təsadüfi deyil. Bayramın tarixi ABŞ-ın məşhur dövlət xadimi Con Xenkokun anadan olduğu gündür. Xenkok ABŞ-ın Müstəqillik Bəyannaməsinə ilk imza atan şəxs kimi tarixə düşüb.

 

Qeyd edək ki, Çində, Yaponiyada və bir çox digər Asiya ölkələrində gözəl yazmaq bacarığı incəsənət hesab olunur və hətta bu gün də kalliqrafiya ustaları çox yüksək qiymətləndirilir.

Nəzərə alsaq ki, bütün dünyada poçtu simvolizə edən əsas poçt göndərişi məktubdur və tarix boyu məktub xüsusi əlyazma hesab olunub, deməli bu gün həm də bütün dünyada poçt işçiləri üçün önəmli tarix hesab edilir.



Onlayn konsultasiya