“Azərpoçt”a daha çox hansı yöndə şikayətlər daxil olur? - QURUM RƏSMİSİ AÇIQLADI


14.10.2022 627


Ölkənin milli poçt operatoru olaraq, “Azərpoçt” Məhdud Məsuliyyətli Cəmiyyəti hazırda respublika ərazisində ən geniş xidmət şəbəkəsinə malik olmaqla, əhalinin bütün təbəqələrinə və eləcə də hüquqi şəxslərə münasib qiymətlərlə ənənəvi və qeyri-ənənəvi poçt xidmətlərinin və poçt-maliyyə xidmətlərinin göstərilməsini həyata keçirir. Poçt şöbələrinin müasir standartlara uyğun kompüterləşməsi, texniki avadanlıqlarla təchizatı və informasiya texnologiyalarının ən son nailiyyətlərinin bu sahədə geniş tətbiqi göstərilən xidmətlərin yüksək keyfiyyətinə və etibarlılığına tam təminat verir. Bununla belə, respublikada milli poçt operatoru olan “Azərpoçt” MMC ilə yanaşı, 60-dan çox özəl poçt operatoru vasitəsilə hüquqi və fiziki şəxslərə sürətli və kuryer poçt xidmətləri göstərilir. Bəs, “Azərpoçt”a daha çox hansı yöndə şikayətlər daxil olur? Mövzu ilə bağlı SİA-nın sorğusuna "Azərpoçt" MMC İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Afaq İbrahimova cavab verib.

 

Onun sözlərinə görə, son zamanlar vətəndaşlarımız bizə belə bir sual ilə müraciət edirlər ki, “Niyə “Azərpoçt” kuryer şirkətləri kimi fəaliyyət göstərmir və bağlamalarımız gecikir?”: “Müqayisə üçün gəlin baxaq. “Azərpoçt” Ümumdünya Poçt İttifaqının üzvüdür və onun fəaliyyət dairəsinə universal poçt xidmətləri daxildir – məktub, teleqram, bağlama, banderol, kiçik paket və s. Göründüyü kimi, bu xidmətlərin içində kuryer xidməti ifadəsi işlənmədi.

Məsələnin digər tərəfi, “Azərpoçt” Umümdünya Poçt İttifaqına daxil olduğu üçün müəyyən poçt prosedurları əsasında işləyir, yəni bir poçt göndərişi müştəridən təhvil alındıqdan sonra çeşidlənməsi üçün poçtdaşıma mərkəzinə göndərilir, daha sonra aidiyyəti poçt şöbəsinə və tələbdən asılı olaraq, son ünvana çatdırılmasına qədər bir neçə mərhələ keçir”.

Afaq İbrahimova sözlərinə belə davam edib: “Xüsusilə qeyd olunmalıdır ki, bu qaydalar İttifaq tərəfindən qoyulur, istənilən ölkədəki poçt təşkilatı bu qaydalar əsasında fəaliyyət göstərir. Eyni zamanda “Azərpoçt”, teleqram istisna olmaqla, bir göndərişin bir neçə saat və ya bir gün ərzində sürətli çatdırılması öhdəliyini daşımır və vətəndaşlara belə bir vəd vermir, həmçinin bu barədə müştəriyə xidmətdən istifadə zamanı məlumat da verilir.

Kuryer xidmətlərinə gəldikdə isə, kuryer xidməti özəl xidmətdir, əsasən göndərişin bir növü üzrə ixtisaslaşır, özü seçdiyi coğrafi istiqamətlər üzrə fəaliyyət göstərir; ən əsası qaydaları özü müəyyən edir və bunun üçün də prosedurlarını istənilən zaman istənilən qaydada tənzimləməsi mümkündür. Poçt fəaliyyəti isə müntəzəm daşınmanı nəzərdə tutur.

Nəticə etibarilə poçt xidmətinin və kuryer xidmətinin indiki halda müqayisəsi uyğun hesab edilmir”.

Ayşən Vəli



Onlayn konsultasiya