Azərbaycan – Gürcüstan əlaqələrinin 30 illiyinə həsr olunmuş poçt bloku təqdim olunub.


09.12.2022 1052


Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində fəaliyyət göstərən “Azərpoçt” MMC-də Azərbaycan və Gürcüstan respublikaları arasında diplomatik əlaqələrin yaranmasının 30 illiyinə həsr olunmuş poçt markasının təqdimatı keçirilib.

 

Hər iki ölkənin Xarici İşlər nazirliklərinin dəstəyi ilə buraxılmış poçt markasında “Azərbaycan – Gürcüstan əlaqələri – 30 il” sözləri və dövlət bayraqları əks olunub. Bundan başqa, markada Azərbaycanın tarixi abidəsi Məhəmməd məscidi və görkəmli şairə Xurşidbanu Natəvanın heykəli, eləcə də Gürcüstanın memarlıq nümunələri Cvari monastrı və Kartlis Deda (Gürcüstanın Anası) heykəli təsvir edilib.

 

Təqdimat zamanı Gürcüstanın Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Zurab Pataradze əməkdaşlığa görə öz təşəkkürünü bildirib. “Azərpoçt” MMC-nin İdarə heyətinin sədri Əfqan Cəlilov isə poçt markasının iki dövlət arasında diplomatik əlaqələrin 30-cu ildönümünə töhfə olduğunu vurğulayıb.

 

Qeyd edək ki, sözügedən filateliya məhsulu 8 markadan ibarət kiçik vərəq şəklində hazırlanıb. Əlavə olaraq, 200 ədəd “Birinci gün” zərfi də təqdim olunub.

 

Məlumat üçün qeyd edək ki, “Azərpoçt” cari il ərzində Azərbaycanın daha iki ölkə – Rusiya Federasiyası və Ukrayna Respublikası ilə diplomatik münasibətlərinin 30 illiyinə həsr olunmuş markalar buraxıb.



Onlayn konsultasiya