Azərbaycanın yerləşdiyi əlverişli geostrateji mövqe, ölkə başçısının apardığı məqsədyönlü siyasət nəticəsində respublikamızda regional və beynəlxalq nəqliyyat dəhlizlərinin formalaşması və Bakının iri nəqliyyat-logistika mərkəzinə çevrilməsi beynəlxalq elektron ticarət məhsullarının poçt vasitəsilə daşınma və çatdırılması baxımından ölkəmiz üçün yeni imkanlar yaradıb. Bu imkanlardan istifadə edərək Azərbaycan Poçtunun ölkələrarası elektron kommersiyanın həyata keçirilməsi üçün regional tranzit poçt mərkəzi (HUB) kimi fəaliyyət göstərməsi sahəsində layihə həyata keçirilib: "Azərpoçt" MMC və geniş beynəlxalq avia daşıma imkanlarına malik "Silk Way" Aviaşirkəti arasında əməkdaşlıq müqaviləsi imzalanmış və 2016-cı ilin iyul ayından fəaliyyətə başlanılıb.
Layihə dünyanın əsas yük mərkəzi olan Çin Xalq Respublikasında sifariş olunan e-kommersiya məhsullarının bu ölkədə fəaliyyət göstərən yerli kuryer şirkətlərindən "Silk Way" Aviaşirkəti vasitəsilə qəbul olunaraq Azərbaycana gətirilməsini və “Azərpoçt” tərəfindən poçt kimi emal olunaraq MDB və digər ölkələrə daşınma və çatdırılmasını nəzərdə tutur. Belə ki, layihə zamanı poçt həcmi tranzit mərkəzdə emal olunaraq dünyanın 17 ölkəsinə (ABŞ, Almaniya, Avstriya, Belarus, Böyük Britaniya, Çexiya, Fransa, Hindistan, İran, İsrail, İtaliya, İspaniya, Lüksemburq, Niderland, Rusiya Federasiyası, Türkiyə, Ukrayna) göndərilib. Eyni zamanda "Azərpoçt"-un EMS xidməti ilə Estoniya poçtu arasında bağlanmış müqavilə əsasında ABŞ və Almaniyadan daxil olan EMS göndərişləri “Azərpoçt” MMC üzərindən Rusiya Federasiyasına göndərilirdi.