Nazir Ramin Quluzadə Koreya Dövlətinin Yaranması Günü və Silahlı Qüvvələr Günü münasibətilə təşkil olunmuş tədbirdə çıxış edib


09.10.2019 2857


Bakıda Koreya Dövlətinin Yaranması Günü və Silahlı Qüvvələr Günü münasibətilə tədbir keçirilib.

Tədbirdə Azərbaycan Respublikasının Hökuməti adından çıxış edən Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar naziri Ramin Quluzadə Koreya Dövlətinin Yaranması Günü və Silahlı Qüvvələr Günü münasibətilə Koreya xalqını təbrik edib, onlara tərəqqi, rifah, sülh və əmin-amanlıq arzu edib.

Azərbaycan Respublikası ilə Koreya Respublikası arasında diplomatik münasibətlərin 1992-ci ildən qurulduğunu xatırladan nazir, ölkələrimiz arasında əməkdaşlıq əlaqələrinin son illər daha da intensivləşdiyini vurğulayıb.

Ramin Quluzadə qeyd edib ki, dövlətlərimiz arasında dostluq və tərəfdaşlıq münasibətlərinin, iqtisadi, mədəni və siyasi əlaqələrin sürətlə inkişaf edərək hazırkı səviyyəyə yüksəlməsində qarşılıqlı səfərlər və imzalanan sənədlər mühüm rol oynayıb. İki ölkə arasında siyasi, iqtisadi, sərmayələrin qorunması, elektron hökumət, nəqliyyatın intellektual idarəetmə sistemi, fövqəladə hallar və s. sahələrdə əməkdaşlığa dair 50-yə yaxın sənəd imzalanıb.

“Son illər ölkələrimiz arasında iqtisadi əlaqələr artan xətlə inkişaf edib. 2018-ci il ərzində Azərbaycanla Koreya Respublikası arasında ticarət dövriyyəsinin həcmi 227 milyon ABŞ dolları təşkil edib. Bu isə 2017-ci illə müqayisədə iki ölkə arasında ticarət dövriyyəsinin 2,6 dəfə artması deməkdir. Koreya şirkətləri ötən dövr ərzində Azərbaycanda həyata keçirilmiş irimiqyaslı layihələrin iştirakçısı olmuş, ölkə infrastrukturunun modernləşdirilməsində öz töhfələrini vermişdir”, – deyə nazir vurğulayıb.

Ramin Quluzadə bildirib ki, ölkələrimiz arasında informasiya və kommunikasiya texnologiyaları, “ağıllı” nəqliyyat, səhiyyə, sənaye, kənd təsərrüfatı, enerji, neft və qaz sahələrində əməkdaşlığın daha da inkişaf etdirilməsi üçün böyük potensial mövcuddur. Həmçinin dövlətlərimiz bir sıra beynəlxalq təşkilatlar, xüsusilə BMT çərçivəsində sıx əməkdaşlıq edir.

Nazir Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı ölkəmizin beynəlxalq hüquqa söykənən haqlı mövqeyinin və ərazi bütövlüyünün Koreya Respublikası tərəfindən hər zaman beynəlxalq müstəvidə dəstəkləndiyini qeyd edib. “Biz Azərbaycanın ərazi bütövlüyünün tərəfinizdən dəstəklənməsini yüksək qiymətləndiririk”.

Çıxışının sonunda Ramin Quluzadə dövlətlərimiz arasında əlaqələrin gələcəkdə daha da inkişaf edəcəyinə və möhkəmlənəcəyinə əminliyini ifadə edib.



Onlayn konsultasiya