“Azərpoçt” MMC maliyyə məhsul və xidmətlərinin məlumat-axtarış sisteminə qoşulub


17.09.2020 2782


Azərbaycan Mərkəzi Bankının (AMB) “Maliyyə məhsul və xidmətlərinin məlumat-axtarış sistemi”nə “Azərpoçt” MMC də qoşulub.

 

Prezident İlham Əliyevin 2016-cı il 6 dekabr tarixli Fərmanı ilə təsdiqlənmiş “Azərbaycan Respublikasında maliyyə xidmətlərinin inkişafına dair Strateji Yol Xəritəsi”nin “Maliyyə bazarı iştirakçılarının bilik və bacarıqlarının artırılması” hədəfinə və 2018-ci il 28 sentyabr tarixli Sərəncamla təsdiqlənmiş “2018–2020-ci illərdə Azərbaycan Respublikasında rəqəmsal ödənişlərin genişləndirilməsi üzrə Dövlət Proqramı”nın “Rəqəmsal ödənişlər haqqında ictimai məlumatlılığın artırılması” prioritetinə uyğun olaraq hazırlanmış Mərkəzi Bankın “Maliyyə məhsul və xidmətlərinin məlumat-axtarış sistemi”nə maliyyə xidmətləri göstərilən qurumların qoşulması işləri davam etdirilir.

 

Artıq əhali üçün bir sıra maliyyə xidmətləri təqdim edən “Azərpoçt” MMC də sözügedən məlumat–axtarış sisteminə qoşulub.

 

Belə ki, bu sistemin (“infobank.az”) tərkibində “Filial və şöbələr”, “Bankomatlar”, “Ödəniş terminalları”, “Ödəniş kartları” bölmələrində “Azərpoçt” MMC-nin müvafiq məlumatları yer alıb.

 

Əhalinin maliyyə xidmətlərinə rəqəmsal çıxış imkanlarını asanlaşdıran və bu xidmətlərdən istifadəni stimullaşdıraraq maliyyə inklüzivliyini təmin edən “Maliyyə məhsul və xidmətlərinin məlumat-axtarış sistemi”nə müxtəlif çeşidli maliyyə, o cümlədən bank, sığorta məhsul və xidmətləri təklif edən təşkilatların qoşulması işləri gələcəkdə də davam etdiriləcək.



Onlayn konsultasiya