Azərpoçtun fılıal və şöbələrində 1117 itmiş sənəd qəbul olunub


24.12.2018 1911


Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi “Azərpoçt” MMC tərəfindən reallaşdırılan sosial layihə çərçivəsində istifadəyə verilən “Poçtap” xidməti artıq 2 ilə yaxındır ki,(2 mart 2017 ) sənədini itirənləri sevindirir. Poçtap sayəsində itirilmiş sənədlər tapılaraq sahibinə qaytarılır. 

Bu xidmət çərçivəsində tapılmış sənədlər aidiyyatı üzrə poçt müəssisələri tərəfindən qəbul olunur, sahibləri axtarılır, tapıldığı halda sənədlər sahiblərinə, əks təqdirdə aidiyyatı orqana təhvil verilir. Belə ki, istənilən şəxs təsadüfən tapdığı sənədi hər hansı poçt qutusuna ata və ya poçt şöbəsinə anonimliyini qorumaq şərti ilə təhvil verə  bilər. Poçta daxil olmuş sənəd müvafiq proqramda qeydiyyata alınır və avtomatik şəkildə sənəd sahibinin əlaqə məlumatları axtarılır və şəxsin kontaktları tapılarsa onunla əlaqə yaradılır. 

Bu günə qədər Azərpoçtun fılıal və şöbələrində 1117 itmiş  sənəd qəbul olunub. Sahibinə çatdırılan sənədlərin sayı 355, aidiyyatı üzrə qurumlara təhvil verilən sənədlərin sayı isə 758-dır. Hal hazırda poçt filialları və şöbələrində  4 sənəd sahibini gözləyir.                          

Sənədini itirmiş şəxs  “Poçtap” xidmətinin internet səhifəsindən - http://www.pochtap.az, “155” saylı telefon mərkəzindən və ya istənilən poçt şöbəsindən sənədinin tapılıb- tapılmamasını öyrənə və tapılmadığı təqdirdə itirilən sənədlə bağlı elan yerləşdirə bilər.

Belə ki, http://www.pochtap.az internet səhifəsində “Sənədimi itirmişəm” bölməsini seçməklə müvafiq xanalara zəruri məlumatları daxil edərək, itirilən sənəd barədə elan yerləşdirmək mümkündür.

Bundan başqa, itirilən sənədlə bağlı “Poçtap” xidmətinin bazasında məlumatın olması, sənədin hazırkı statusu, hansı poçt filial və şöbəsində olması, saxlama müddəti ilə bağlı məlumat almaq üçün “Axtar” bölməsinə müvafiq məlumatları daxil edərək axtarış etmək mümkündür.

Əgər itirilmiş sənəd tapılıbsa və sistemdə görünürsə, dövlət rüsumunu ödədikdən sonra  vətəndaş “169” Çağrı mərkəzinə zəng edərək tapılmış sənədi ona yaxın poçt məntəqəsinə yönləndirə bilər. Sonda vətəndaş yönləndirdiyi poçt məntəqəsinə gedib sənədini götürə bilər.

Məlumat üçün bildirək ki, "Poçtap" xidməti çərçivəsində sənədi tapılan şəxslər xidmət haqqı ödəyərək, sənədi poçt şöbələrindən və "Şəbəkə" xidmət mərkəzlərindən təhvil ala və ya telefon mərkəzinə müraciət edərək özünə yaxın poçt şöbəsinə çatdırılmasını sifariş edə bilər. “Poçtap” xidməti çərçivəsində sənədi tapılan şəxslər 1 manat 80 qəpik xidmət haqqı ödəyərək onu təhvil ala bilər. Sənədin poçt müəssisələrində saxlanılma müddəti 30 gündür.

Sənədin hər hansı ünvana çatdırılması lazım gəldikdə çatdırılma rüsumu "Azərekspresspoçt"un xidmət tariflərinə uyğun hesablanır.

Qeyd edək ki, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi “Azərpoçt” MMC   “Poçtap” layihəsi çərçivəsində Bakı şəhər Baş Polis İdarəsi, Bakı Metropoliteni Qapalı Səhmdar Cəmiyyəti,  "Təmiz Şəhər" Açıq Səhmdar Cəmiyyəti, “Bakubus” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə əməkdaşlıq edir. İmzalanan memoranduma əsasən,  adıçəkilən qurumlar “Poçtap” xidmətini dəstəkləmək, daim əlaqəli işləmək, əməkdaşlar tərəfindən tapılan sənədləri poçt inkasasiyasına təhvil vermək, eləcə də vətəndaşları “Poçtap” xidməti barədə məlumatlandırmaq üzrə öhdəliklər götürüblər.

 

 

 

 

 

 



Onlayn konsultasiya