İki əsr qət etdiyimiz yolun başlanğıcı 1818-ci ildə Gəncə oldu. Tez bir zamanda əhatə dairəmiz genişlənsə də, çox çətin və şərəfli bir yol keçərək davam edirik. Əldə olunan yüksək nəticələr bizləri nəinki quruda, dənizdə və havada belə yeni hədəflərə doğru apardı. Xəzər dənizi ilə Qafqazın və İranın Rəşt və Astarabad limanları arasında dəniz poçt mübadiləsi yarandı. 100 illik yolumuzun astanasında isə Poçt və Teleqraf nazirliyi fəaliyyətə başladı. II Dünya müharibəsi dövründə də Azərbaycan poçtu və onun fədakar işçiləri üzərlərinə düşən vəzifələri layiqincə yerinə yetirdilər. Bu missiya müharibədən sonrakı vaxtlarda uğurla davam etdirildi. Poçt rabitəsi müəssisələrinin sayı və poçt marşrutlarının məsafəsi bir neçə dəfə artdı. Ötən əsrin sonralında isə poçt rabitəsinin elektrik rabitəsindən ayrılaraq müstəqil bir qurum kimi fəaliyyətə başlaması ilə Azərbaycan poçtu rabitəsi özünün yeni inkişaf mərhələsinə qədəm qoydu.

Hər bir poçt xidmətinin əsas missiyası insanları bir-birinə daha da yaxınlaşdırmaq və doğmalaşdırmaq, təkrarolunmaz hisslər doğurmaq və onlara unudulmaz anlar bəxş etməkdir. Müasir elektron vasitələr üzərindən qurulan ünsiyyət vasitələrinin heç biri qeyd edilən bu xüsusiyyətlərə malik olmadığı üçün ənənəvi poçt xidmətləri insanlıq durduqca yaşayacaqdır. 


"Azərpoçt" Məhdud Məsuliyyətli Cəmiyyəti də respublikamızda poçt xidmətləri göstərən yeganə milli poçt operatoru olduğuna görə onun da üzərinə böyük vəzifələr düşür. Bu baxımdan bizim missiyamız həm fərdi şəxsləri, həm də biznes qurumlarını geniş çeşiddə, aşağı qiymətlə və mümkün qədər daha böyük ərazidə keyfiyyətli poçt-maliyyə xidmətləri ilə tam təmin etməkdir.

Bu gün biz “Azərpoçt” MMC, Azərbaycan Respublikasının yeganə milli poçt operatoru olaraq vətəndaşlara fasiləsiz olaraq həftə içi hər gün, eyni zamanda şənbə, bazar  və bayram günləri də xidmət göstəririk. 169 Çağrı Mərkəzi vasitəsilə 24 saat suallarınızı cavablandırır,  təkliflərinizi eşidir, dəyərləndiririk. Əsas missiyamız yüksək standartlara uyğun xidmət göstərmək, vətəndaşların rahatlığını təmin etmək, əlavə vaxt itkisinin qarşısını alaraq şəffaflığı artırmaqdır. Bu yolda quruda, dənizdə və havada fəaliyyətimizi təşkil edib, davamlı olması üçün əlimizdən gələni edəcəyik. Bir sözlə, biz daima şüarımıza sadiq qalırıq.


“Azərpoçt” – hər yerdə sizinlə!