Azərbaycanda Poçt və Teleqraf Nazirliyinin yarandığı gün


06.10.2019 284


Azərbaycanda poçt rabitəsi XVI əsrdən inkişaf etməyə başlayıb. Müasir formada poçtun yaranması isə XIX əsrə təsadüf edir. 1818-ci il iyun ayının 1-də Gəncə şəhərində ilk poçt kontoru açılıb. XIX əsrin sonları, XX əsrin əvvəllərində Bakıda sürətlə inkişaf etməkdə olan neft sənayesi ilə bərabər telefon rabitəsi də inkişaf edib. 1918-ci ildə Azərbaycan Demokratik Cümhuriyyəti elan olunduqdan bir neçə ay sonra – oktyabr ayının 6-da Poçt və Teleqraf Nazirliyi yaradılıb. Nazirlik cümhuriyyətin süqutuna qədər fəaliyyət göstərib. Cəmi 23 ay yaşayan müstəqil Azərbaycan dövləti qısa müddət ərzində özünün ilk poçt markalarını buraxmağa nail olub.

Azərbaycan poçtunun ən çətin və həm də şərəfli dövrü II Dünya müharibəsi illərinə təsadüf edib. Bütün çətinliklərə baxmayaraq, müharibə illərində poçt işçiləri öz üzərinə düşən vəzifələri layiqincə yerinə yetirib.

Müstəqilliyin ilk illərində Azərbaycanda poçt rabitəsi özünün ən çətin dövrlərindən birini yaşayıb. 1997-ci il yanvar ayının 1-dən etibarən poçt rabitəsinin elektrik rabitəsindən ayrılaraq müstəqil bir qurum kimi fəaliyyətə başlaması ilə poçt rabitəsi özünün yeni inkişaf mərhələsinə qədəm qoyub.

Ötən illər ərzində sürətlə inkişaf edən Azərbaycan poçtu özünün dinamik inkişaf dövrünün yaşayır. “Azərpoçt” MMC-nin 63 poçt filialı, 7 rabitə qovşağı, 4 törəmə müəssisə, 1496 poçt şöbəsi və 84 Poçt agentliyi mövcuddur. 201 illik tarixə malik, Azərbaycanın ilk və yeganə milli poçt operatoru “Azərpoçt” ildən-ilə inkişaf edir. Maddi-texniki imkanların genişlənməsi yüksək iqtisadi göstəricilərin də əldə edilməsinə səbəb olur.



Onlayn konsultasiya