Nazir Əfqanıstanın Müstəqillik Gününə həsr olunmuş tədbirdə çıxış edib


17.09.2019 1993


Bu gün Bakıda Əfqanıstan İslam Respublikasının milli bayramı – Müstəqillik Günü qeyd olunub.

Tədbirdə çıxış edən Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar naziri Ramin Quluzadə Azərbaycan Respublikası Hökuməti adından əfqan xalqını Əfqanıstan İslam Respublikasının müstəqilliyinin 100-cü ildönümü münasibətilə təbrik edib və ona tərəqqi, rifah, sülh və əmin-amanlıq arzulayıb.

Dövlətlərimiz arasında mövcud olan əlaqələrin qarşılıqlı faydalı tərəfdaşlıq və dostluq üzərində qurulduğundan söz açan Ramin Quluzadə Əfqanıstanın Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Azərbaycanın haqlı mövqeyini hər zaman beynəlxalq və regional təşkilatlarda dəstəklədiyini və ərazi bütövlüyümüzün Əfqanıstan tərəfindən dəstəklənməsinin ölkəmizdə yüksək qiymətləndirildiyini diqqətə çatdırıb.

“Qeyd etmək istərdim ki, son illər dövlətlərimiz arasında iqtisadi əlaqələr artan xətlə inkişaf edib. 2019-cu ilin yanvar-may aylarında Azərbaycan Respublikasının Əfqanıstan İslam Respublikası ilə ticarət dövriyyəsinin həcmi 47,8 mln. ABŞ dolları təşkil edib. Bu isə 2018-ci ilin müvafiq dövrü ilə müqayisədə iki ölkə arasında ticarət dövriyyəsinin 15,02 faiz artması deməkdir”, – deyə nazir vurğulayıb.

Ramin Quluzadə çıxışında dostluq və tərəfdaşlıq münasibətlərinin, iqtisadi, mədəni və siyasi əlaqələrin sürətlə inkişaf edərək hazırkı səviyyəyə yüksəlməsində yüksək səviyyəli qarşılıqlı səfərlərin və imzalanan sənədlərin mühüm rol oynadığını deyib.

Nazir əlavə edib ki, ölkələrimiz arasında informasiya və kommunikasiya texnologiyaları, nəqliyyat, sənaye inkişafı və kənd təsərrüfatı, enerji, neft və qaz, mədən sənayesi sahələrində, həmçinin digər sahələrdə əməkdaşlığın inkişaf etdirilməsi üçün böyük potensial mövcuddur.

Ramin Quluzadə çıxışında ölkələrimiz arasında nəqliyyat sahəsindəki əməkdaşlıq məsələlərinə də toxunub: “Nəqliyyat sahəsində əlaqələrin inkişafı üçün vacib addımlar atılır. Azərbaycanın “Silk Way Airlines” şirkəti Bakıdan Kabula həftədə 4 dəfə olmaqla yükdaşımalarını həyata keçirir. Azərbaycan və Əfqanıstanın da iştirakçısı olduğu “Lapis-Lazuli” nəqliyyat marşrutunun hər iki ölkə üçün vacibliyini vurğulamaq istərdim. Bu marşrut üzrə daşınan yüklər və sərnişinlərin Bakı-Tbilisi-Qars dəmiryolu xətti ilə Avropaya və əksinə çatdırılması mühüm əhəmiyyətə malikdir”.

Nazir, həmçinin informasiya və kommunikasiya texnologiyaları sahəsində də ölkələrimiz arasında əməkdaşlığın inkişaf etdirilməsi üçün işlər görüldüyünü və gələcəkdə bu sahədə vacib layihələrin həyata keçiriləcəyinə ümidvar olduğunu bildirib.

Ramin Quluzadə çıxışının sonunda dövlətlərimiz arasında əlaqələrin gələcəkdə daha da inkişaf edəcəyinə və möhkəmlənəcəyinə əminliyini ifadə edib.



Onlayn konsultasiya