Poçtap
 
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi “Azərpoçt” MMC tərəfindən  2 mart 2017-ci il tarixindən  “Poçtap” sosial layihəsina start verilib. Layihə  çərçivəsində itirilmiş sənədlər tapılaraq sahibinə qaytarılır.
 
Bu xidmət reallaşdırıldığı gündən bəri vətəndaşlar tərəfindən tapılmış sənədlər aidiyyatı üzrə poçt müəssisələri tərəfindən qəbul olunur, sahibləri axtarılır, tapıldığı halda sənədlər sahiblərinə, əks təqdirdə aidiyyatı orqana təhvil verilir. Belə ki, istənilən şəxs təsadüfən tapdığı sənədi hər hansı poçt qutusuna  ata və ya poçt şöbəsinə anonimliyini qorumaq şərti ilə təhvil verə  bilər. Poçta daxil olmuş sənəd müvafiq proqramda qeydiyyata alınır və avtomatik şəkildə sənəd sahibinin əlaqə məlumatları axtarılır və şəxsin kontaktları tapılarsa, həmin şəxslə əlaqə yaradılır.  
 
Sənədini itirmiş şəxs  “Poçtap” xidmətinin internet səhifəsindən www.pochtap.az, “169” saylı telefon mərkəzindən və ya istənilən poçt şöbəsindən sənədinin tapılıb- tapılmamasını öyrənə və tapılmadığı təqdirdə itirilən sənədlə bağlı elan yerləşdirə bilər. 
 
Belə ki, www.pochtap.az internet səhifəsində “Sənədimi itirmişəm” bölməsini seçməklə müvafiq xanalara zəruri məlumatları daxil edərək itirilən sənəd barədə elan yerləşdirmək mümkündür. 
 
Bundan başqa, itirilən sənədlə bağlı “Poçtap” xidmətinin bazasında məlumatın olması, sənədin hazırkı statusu, hansı poçt filial və şöbəsində olması, saxlama müddəti ilə bağlı məlumat almaq üçün “Axtar” bölməsinə müvafiq məlumatları daxil edərək axtarış etmək mümkündür. 
 
Əgər itirilmiş sənəd tapılıbsa və sistemdə görünürsə, dövlət rüsumunu ödədikdən sonra vətəndaş “169” Çağrı mərkəzinə zəng edərək, tapılmış sənədi ona yaxın poçt məntəqəsinə yönləndirə bilər. Sonda vətəndaş yönləndirdiyi poçt məntəqəsindən gedib sənədini götürə bilər.
 
“Poçtap” xidməti çərçivəsində sənədi tapılan şəxslər 1 manat 80 qəpik xidmət haqqı ödəyərək onu təhvil ala bilər. Sənədin poçt müəssisələrində saxlanılma müddəti 30 gündür. 
 
Sənədin hər hansı ünvana çatdırılması lazım gəldikdə çatdırılma rüsumu "Azərekspresspoçt"un xidmət tariflərinə uyğun hesablanır.