Tarix və bu gün
 
Azərbaycanda poçt rabitəsi Səfəvilərin hakimiyyəti dövründə (XVI əsr) inkişaf etməyə başlayıb. Müasir formada poçtun yaranması isə XIX əsrin 1-ci qərinəsinə təsadüf edir. 1818-ci ildə Gəncə şəhərində ilk poçt kontoru açılıb.
 
  • 1818-ci ilin iyun ayının 1-də Azərbaycan ərazisində ilk poçt rabitəsi yaradılıb. 1826-cı ildə Bakıda, 1828-ci il martın 12-də isə Naxçıvanda poçt ekspedisiyası təşkil edilib.
  • 1830-cu ildə Rusiya ilə Zaqafqaziyanın ticarət əlaqələrini inkişaf etdirmək üçün Azərbaycan  ərazisində - Şuşada, Şamaxıda, Bakıda və Naxçıvanda 1-ci dərəcəli, Gəncə və Qubada isə 2-ci dərəcəli poçt kontorları yaradılıb.
  • 1861-ci ildə ilk dəfə olaraq  Xəzər dənizi ilə Qafqazın və İranın Rəşt, eləcə də Astarabad limanları arasında dəniz poçt mübadiləsi yaranıb.
  • 1863-1872-ci illərdə İran tranzit ticarətinin müdafiəsi məqsədilə Tiflis və Culfa arasında poçt rabitəsi qurulub.  Culfada poçt şöbəsi yaradılaraq,  İranla Azərbaycan arasında ilk beynəlxalq məktub korrespondensiyası mübadiləsi təsis edilib.
  • 1883-cü il  9 mayda Azərbaycanda poçtun dəmiryol nəqliyyatı ilə daşınmasına Bakı-Tiflis,1900-cü ildə isə Bakı-Dərbənd arasında başlanılıb.
  • 1918-ci il 6 oktyabrda Poçt və Teleqraf Nazirliyi 
Respublikada  iqtisadiyyatın  və  mədəniyyətin inkişafı, əhalinin sosial vəziyyətinin yaxşılaşması poçt  xidmətlərinə olan tələbatı daha da artırıb. Bu dövrdə 1920-ci ilə nisbətən poçt rabitəsi şəbəkələrinin sayı 9 dəfə artaraq 524-ə çatdırılıb. Poçt müəssisələrinin 402 ədədi və ya 76,7%-i kənddə yerləşirdi. Poçt marşrutlarının məsafəsi 1940-cı ildə 2,6 dəfə artaraq 6767 km. təşkil edib.

Azərbaycan poçtunun ən çətin və həm də ən şərəfli dövrü II Dünya müharibəsi illərinə təsadüf edir ki, bu illərdə xüsusilə poçtalyonların fədakarlığını qeyd etmək yerinə düşərdi. Bu dövrdə poçt işçilərinin üzərinə ikiqat məsuliyyət düşürdü, çünki poçt göndərişlərinin həcminin artması və əsgər məktublarının vaxtında ünvanlara çatdırılması bütün mənalarda məsuliyyət və iradə tələb edirdi. Bu çətinliklərə baxmayaraq, müharibə illərində poçt işçiləri öz üzərilərinə düşən vəzifələri layiqincə yerinə yetirirdilər. 
 news-detail
 
1945-ci ildə Bakıda Beynəlxalq Poçt Ekspedisiyası təşkil edilməsi beynəlxalq poçt göndərişlərinin hərəkətinə, qorunub saxlanmasına və çatdırılmasına daha yaxşı nəzarət edilməsi imkanı yaradıb.
 
Müharibədən sonrakı illərdə iqtisadiyyatın digər sahələrində olduğu kimi, poçt sahəsinin inkişafında da əhəmiyyətli işlər görülüb. Belə ki, 1970-ci ildə respublikada poçt rabitəsi müəssisələrinin sayı 3 dəfə artaraq 1590-a, o cümlədən kənd yerlərində 1171-ə çatıb. Bundan başqa, məktub korrespondensiyasının sayı 3 dəfə, bağlamalar 2 dəfə, qəzet və jurnallar 6,5 dəfə, poçt marşrutlarının məsafəsi 3 dəfə artaraq 20023 km, avtomobil marşrutlarının sayı 9 dəfə artaraq 1705 min km təşkil edib.
 
XX əsrin sonunda keçmiş SSRİ-nin dağılması və respublikamızın müstəqillik əldə etməsi ilə poçt rabitəsinin inkişafında da yeni mərhələyə start verilib. Müstəqilliyin ilk illərində digər qonşu ölkələrdə olduğu kimi, Azərbaycanda da poçt rabitəsi özünün ən çətin dövrlərindən birini yaşayıb. Lakin 1997-ci il yanvar ayının 1-dən etibarən poçt rabitəsinin elektrik rabitəsindən ayrılaraq müstəqil bir qurum kimi  fəaliyyətə başlaması ilə poçt rabitəsi özünün yeni inkişaf mərhələsinə qədəm qoyub.  Beləliklə  1997-ci ildə “Azərpoçt” İstehsalat Birliyi  kimi işini davam etdirdi. Həyata keçirilən məqsədyönlü  tədbirlər və uğurlu kadr islahatları çərçivəsində 1997-ci ilin mart ayında poçt rabitəsinin qısamüddətli “Dirçəliş və inkişaf proqramı” qəbul olunub, dekabr ayında isə “1998-2003-cü illər üçün poçt rabitəsinin inkişaf  konsepsiyası” təsdiq edilib.  1999-cu ildən “Azərpoçt” Dövlət Müəssisəsi kimi fəaliyyət göstərib. Nəticədə 2000-ci ildən etibarən poçt rabitəsi yenidən rentabelli fəaliyyət göstərməyə başlayıb.
 
2002-ci ildə poçt rabitəsi xidmətlərinin göstərilməsi proseslərini tənzimləyən ilk milli “Poçt rabitəsi Qaydaları” hazırlanaraq, müvafiq qaydada qeydiyyatdan keçirilib və istifadə üçün poçt rabitəsi müəssisələrinə göndərilib.
 
07.10.2004-cü il tarixindən  “Azərpoçt” DM Azərbaycan Respublikasının Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi nəzdində fəaliyyət göstətərn milli operator kimi, 31.08.2009-cu il tarixindən isə “Azərpoçt” DM –in  təşkilatı-hüquqi forması dəyişdirilərək “Azərpoçt” MMC kimi fəaliyyətini davam etdirib.
 
2004-cü ildə qəbul olunan və 2008-ci ildə maliyyə xidmətlərinin göstərilməsi ilə bağlı dəyişikliklər edilən  “Poçt haqqında” Azərbaycan Respublikasının Qanunu poçt rabitəsi sahəsinin inkişafını daha da sürətləndirib və milli poçt rabitəsi operatorunun şəbəkəsi vasitəsilə yeni xidmətlərin göstərilməsinə geniş imkanlar yaradıb. 2016-cı ildə isə Azərbaycan Respublikası Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin qərarı ilə “Poçt rabitəsi xidmətlərinin göstərilməsi Qaydaları” yenidən işlənib, müvafiq qaydada Azərbaycan Respublikasının Hüquqi Aktlarının Dövlət Reyestrinə daxil edilib və istifadə üçün poçt müəssisələrinə göndərilib.
 
 Ölkənin milli poçt operatoru olaraq, “Azərpoçt” Məhdud Məsuliyyətli Cəmiyyəti hazırda respublika ərazisində ən geniş xidmət şəbəkəsinə malik olmaqla, əhalinin bütün təbəqələrinə və eləcə də hüquqi şəxslərə münasib qiymətlərlə ənənəvi və qeyri-ənənəvi poçt xidmətlərinin və poçt-maliyyə xidmətlərinin göstərilməsini həyata keçirir. Poçt şöbələrinin müasir standartlara uyğun kompüterləşməsi, texniki avadanlıqlarla  təchizatı və informasiya texnologiyalarının ən son nailiyyətlərinin bu sahədə geniş tətbiqi göstərilən xidmətlərin yüksək keyfiyyətinə və etibarlılığına tam təminat verir.
 
Bununla belə, respublikada milli poçt operatoru olan “Azərpoçt” MMC ilə yanaşı, 60-dan çox özəl poçt operatoru vasitəsilə hüquqi və fiziki şəxslərə sürətli və kuryer poçt xidmətləri göstərilir.
 
Azərbaycan Poçt Administrasiyası 1991-ci ildə Regional Rabitə Birliyinə (RRB), 1992-ci ildə İqtisadi Əməkdaşlıq Təşkilatına (İƏT), 1993-cü ildə Ümumdünya Poçt İttifaqına (ÜPİ), 2000-ci ildə Poçt və Telekommunikasiya Administrasiyalarının Avropa Konfransı təşkilatına (CEPT) üzv qəbul edilib. Azərbaycan poçtunun ən böyük uğurlarından biri kimi ölkəmiz ÜPİ-nin 2004-cü ildə Buxarestdə keçirilən 23-cü Konqresində ilk dəfə olaraq, bu təşkilatın ali orqanı olan Administrativ Şuraya, 2008-ci ildə Cenevrədə keçirilən 24-cü Konqresində təşkilatın hər iki ali orqanına - Administrativ Şuraya və Poçt İstismarı Şurasına, 2016-cı ildə İstanbulda keçirilən 26-cı Konqresində isə yenidən Poçt İstismarı Şurasına üzv seçilib.
 
“Azərpoçt” MMC 1998-ci ildən etibarən ÜPİ-nin EMS (sürətli poçt) Kooperativinin üzvü,  ÜPİ Poçt Texnologiyaları Mərkəzinin məhsullarının aktiv istifadəçisidir. Belə ki, “Azərpoçt” MMC öz fəaliyyətində 2001-ci ildən “IPS.light” izləmə sistemini, 2005-ci ildən IFS/STEFI beynəlxalq pul  köçürmələri sistemini, 2013-cü ildən Qlobal monitorinq sistemini, 2016-cı ildən “IPS.Post” yeni izləmə sistemini  tətbiq etməklə, bu sistemlərin imkanlarından faydalanmaqdadır.
 
2010-cu ildə  Azərbaycan Mərkəzi Bankı tərəfindən milli poçt operatoruna maliyyə xidmətlərinin göstərilməsi üzrə razılıq (lisenziya) verildikdən sonra “Azərpoçt” MMC Beynəlxalq ödəniş sistemləri olan SWIFT-ə, 2011-ci ildən “MasterCard” ödəniş sisteminə, ölkə daxilində isə XÖHKS-ə, AZİPS, HÖP-ə və digər ödəniş sistemlərinə qoşularaq bu sistemlərin imkanlarından istifadə edir.
 
“Azərpoçt” MMC-nin beynəlxalq sahədəki uğurlarından biri də ÜPİ-nin EMS Kooperativi tərəfindən sürətli poçt xidmətlərinin keyfiyyəti üzrə dünyanın 160-dan artıq poçt operatoru arasında keçirilən yarışlarda “Azərekspresspoçt” RM-nin ardıcıl 9 dəfə qızıl səviyyəli Sertifikatına layiq görülməsidir. 
 
2002-ci ilin əvvəlindən başlayaraq “Azərpoçt” MMC magistral marşrutlarda avtomaşınlar vasitəsilə həyata keçirilən poçt daşınmalarını respublikanın bütün rayon mərkəzlərinə poçt göndərişlərinin və dövrü mətbuatın  gündəlik saat 14.00-dək çatdırılmasını təmin edir. 
 
Respublikadaxili poçt marşrutları:
 

1.   1 nömrəli marşrut üzrə Bakı-Qazax-Bakı marşrutunun  yürüş məsafəsi 970 km;

2.   2 nömrəli marşrut üzrə Bakı-Balakən -Bakı marşrutunun  yürüş məsafəsi 887 km;

3.   3 nömrəli marşrut üzrə Bakı-Qusar-Bakı marşrutunun  yürüş məsafəsi 465 km;

4.   4 nömrəli marşrut üzrə Bakı-Horadiz-Bakı marşrutunun  yürüş məsafəsi 665 km;

5.   5 nömrəli marşrut üzrə Bakı-Astara-Bakı marşrutunun  yürüş məsafəsi 681 km;

6.   6 nömrəli marşrut üzrə Bakı-Tərtər-Bakı marşrutunun  yürüş məsafəsi 695 km;

7.   7 nömrəli marşrut üzrə Bakı-HXPDŞ-Bakı marşrutunun  yürüş məsafəsi 108 km;

8.   Gəncə-Daşkəsən-Gəncə köməkci marşrutunun yürüş məsafəsi 80 km;

9.   Gəncə-Samux-Gəncə köməkci marşrutunun yürüş məsafəsi 30 km;

10. Gəncə-Göygöl-Gəncə köməkci marşrutunun yürüş məsafəsi 40 km;

11. Gədəbəy-Şəmkir-Gədəbəy köməkci marşrutunun yürüş məsafəsi  100 km;

12. Neftçala-Salyan-Neftçala köməkci marşrutunun yürüş məsafəsi  100 km;

13. Yardımlı-Masallı-Yardımlı köməkci marşrutunun yürüş məsafəsi  120 km;

14. Lerik-Lənkəran-Lerik köməkci marşrutunun yürüş məsafəsi  120 km;

15. Mingəçevir-Yevlax-Mingəçevir  köməkci marşrutunun yürüş məsafəsi  80 km;

16. Zərdab-Ucar-Zərdab  köməkci marşrutunun yürüş məsafəsi  80 km;

Magistral və köməkci marşrutlar üzrə avtomaşınların ümumi yürüş məsafəsi 5281 km. təşkil edir. 
 
“Azərpoçt” MMC-nin 63 Poçt Filialı, 7 Rabitə Qovşağı, 3 törəmə müəssisə, 1497 Poçt şöbəsi və 89 Poçt Agentliyi mövcuddur.
Ənənəvi poçt xidmətləri bunlardı: Məktublar (sadə, sifarişli, qiyməti bəyan olunmuş),poçt kartları (sadə, sifarişli),banderollar (sadə, sifarişli, qiyməti bəyan olunmuş),bağlamalar (adi, qiyməti bəyan olunmuş),kiçik paketlər (sadə, sifarişli), respublikadaxili  pul  köçürmələri,teleqramlar,sekoqramlar, faks xidməti, xüsusi “M” kisələri.  
    
news-detail
 
 
Azərbaycanın yerləşdiyi əlverişli geostrateji mövqe, ölkə başçısının apardığı məqsədyönlü siyasət nəticəsində respublikamızda regional və beynəlxalq nəqliyyat dəhlizlərinin formalaşması və Bakının iri nəqliyyat-logistika mərkəzinə çevrilməsi beynəlxalq elektron ticarət məhsullarının poçt vasitəsilə daşınma və çatdırılması baxımından ölkəmiz üçün yeni imkanlar açıb. Hazırda Azərbaycan Poçtunun ölkələrarası elektron kommersiyanın həyata keçirilməsi üçün regional tranzit poçt mərkəzi (HUB) kimi fəaliyyət göstərməsi sahəsində layihə həyata keçirilir.
Bu məqsədlə "Azərpoçt" MMC və geniş beynəlxalq avia daşıma imkanlarına malik "Silk Way" Aviaşirkəti arasında əməkdaşlıq müqaviləsi imzalanıb və 2016-cı ilin iyul ayından fəaliyyətə başlanıb.
 
Layihə üzrə dünyanın əsas yük mərkəzi olan Çin Xalq Respublikasında sifariş olunan e-kommersiya məhsulları bu ölkədə fəaliyyət göstərən yerli kuryer şirkətlərindən "Silk Way" Aviaşirkəti vasitəsilə qəbul olunaraq Azərbaycana gətirilir və “Azərpoçt” MMC tərəfindən poçt kimi emal olunaraq MDB və  dünyanın 15 ölkəsinə (ABŞ, Almaniya, Avstriya, Belarus, Böyük Britaniya, Çexiya, Fransa, İran, İsrail, İtaliya, Lüksemburq, Niderland, Rusiya Federasiyası, Türkiyə, Ukrayna) daşınır və çatdırılır.
 
Eyni zamanda "Azərpoçt"-un EMS xidməti ilə Estoniya poçtu arasında bağlanmış müqavilə əsasında ABŞ və Almaniyadan daxil olan EMS göndərişləri “Azərpoçt” MMC üzərindən Rusiya Federasiyasına göndərilir.
 
Hazırda layihə üzrə fəaliyyətin genişləndirilməsi məqsədilə Çində, Cənubi Koreyada və Sinqapurda ekspress daşıyıcı kimi fəaliyyət göstərən digər şirkətlərlə də danışıqlar aparılır və yaxın zamanlarda daha iri həcmlərdə e-kommersiya məhsullarının Azərbaycan üzərindən xarici ölkələrə daşınması və çatdırılması gözlənilir. 
 
               news-detail                       news-detail
 
 
"Azərpoçt” MMC-də 2017-ci ilin ən uğurlu layihəsi “Şəbəkə” xidmət mərkəzlərinin istifadəyə verilməsi olub. 2017-ci il fevral ayının 10-da  istifadəyə verilən müasir xidmət mərkəzlərində Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin qurumları tərəfindən vətəndaşlara göstərilən xidmətlər vahid məkanda cəmləşib. Hazırda respublika üzrə 10 “Şəbəkə” xidmət mərkəzi fəaliyyət göstərir. Onlardan 6-sı paytaxt Bakıda, digər 4-ü isə Cəlilabad, Zaqatala, Sumqayıt və Ağdaş şəhərlərində yerləşir. "Şəbəkə" mərkəzlərində əhaliyə ənənəvi telekommunikasiya və poçt xidmətlərindən başqa, bank-maliyyə, eləcə də aviabilet satışı  və  turizm xidmətləri də göstərilir.
 
Eyni zamanda, “Şəbəkə” mərkəzlərində lokal və beynəlxalq ödəniş kartlarının, icbari sığorta,  elektron imza, zərf, marka, açıqca və aviabiletlərin satışı, pul köçürmələri,  büdcə, kommunal, Dövlət İpoteka Fondu üzrə ödənişlər, mobil cihazların qeydiyyatı həyata keçirilir. Mərkəzlərdə müştərilər həm də xüsusi özünəxidmət terminallarından istifadə edə bilirlər. “SmartPay” - ödəniş sistemi vasitəsi ilə kommunal, mobil, rabitə və bir çox digər xidmətlər üzrə ödəniş etmək mümkündür.
 
Vətəndaşlara fasiləsiz olaraq həftə içi hər gün, eyni zamanda şənbə, bazar  və bayram günləri də xidmət göstərilir. "Şəbəkə" mərkəzlərinin yaradılmasında əsas məqsəd yüksək standartlara uyğun xidmət göstərilməsi, vətəndaşların rahatlığının təmin edilməsi, əlavə vaxt itkisinin qarşısının alınması, şəffaflığın təmin edilməsi və  bürokratiya hallarının aradan qaldırılmasıdır.
 

                  news-detail                           news-detail