“Azərpoçt” MMC və “Azexport.az” portalı əməkdaşlığı genişləndirir


05.04.2021 438


İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin operatoru olduğu “Azexport.az” portalı və Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində fəaliyyət göstərən “Azərpoçt” MMC-nin nümayəndələri arasında onlayn görüş keçirilib. Görüşdə “Azərpoçt” MMC-nin Biznes İnkişafı, Marketinq departamentinin direktoru Anar Məcidov təmsil etdiyi qurumun xidmətləri barədə ətraflı məlumatlar təqdim edib. Qeyd olunub ki, hazırda ölkə ərazisində “Azərpoçt”un 1500-dək poçt şöbəsi mövcuddur. Qurum tərəfindən poçt xidmətləri ilə yanaşı maliyyə xidmətlərinin də göstərildiyi vurğulanıb.

“Azexport.az” portalının rəhbəri Ayxan Qədəşov “Azərpoçt” MMC tərəfindən təqdim olunan xidmətlərin ölkədə elektron ticarət sahəsinin diversifikasiyasında əhəmiyyətli rol oynadığını bildirib. Bu sahədə fəaliyyət göstərən sahibkarların qeyd olunan xidmətlərin üstünlükləri barədə məlumatlandırılması məqsədilə birgə tədbirlərin təşkil olunması təklif olunub. Daha sonra Azərbaycanda elektron ticarət platformalarına xidmət göstərəcək vahid logistika mərkəzinin qurulması istiqamətində atılan addımlar barədə müzakirələr aparılıb.

Onlayn müzakirə zamanı “Bir Pəncərə” İxraca Dəstək Mərkəzinin rəhbəri Nicat Hacızadə təqdim olunan xidmətlər barədə məlumatlar təqdim edib. Elektron ticarətin inkişafı məqsədilə qurumlar arasında əməkdaşlığın daha da dərinləşdirilməsinin əhəmiyyətini vurğulayıb.

Rəqəmsal Ticarət Qovşağının rəhbəri Məsumə Talıbova isə Onlayn Vahid İxrac ərizəsi xidməti barədə məlumatlar təqdim edib. O, qeyd olunan xidmətdən istifadə etməklə elektron ticarət əməliyyatlarının daha da sürətləndirilməsi imkanın mövcud olduğunu vurğulayıb.



Onlayn konsultasiya