“Azərpoçt” MMC-də Zəfər Gününə həsr olunan tədbir keçirilib


05.11.2021 518


Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində fəaliyyət göstərən “Azərpoçt” MMC-də 8 noyabr - Zəfər Gününə həsr olunan tədbir keçirilib.

 

Əvvəlcə şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

 

Bildirilib ki, 44 gün sürən hərbi əməliyyatlar nəticəsində rəşadətli Azərbaycan Ordusu tərəfindən ümumilikdə 300-dən artıq yaşayış məntəqəsi, o cümlədən mühüm strateji yüksəkliklər işğaldan azad edilib. Azərbaycan Ordusu Ermənistanı döyüş meydanında məhv edib. Ermənistanın uzun illər yaratdıqları mif darmadağın olub. Vətən müharibəsində qəhrəmanlıq göstərən əsgər və zabitlərimiz, arxa cəbhədə çalışan mülki şəxslər, bütövlükdə xalqımız əzm və iradə nümayiş etdirərək düşmənə sarsıdıcı zərbələr endirib.

 

Qeyd olunub ki, müharibə dövründə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən səsləndirilən nitqlər öz emosionallığı ilə fərqlənib. Bu məqamlarda ürəkdən səslənən, xalqın hisslərini əks etdirən hər bir söz, hər bir fikir Azərbaycan xalqının yaddaşına əbədi həkk olub. Cənab Prezident İlham Əliyevin xalqa müraciətlərində düşmən tərəfə ünvanladığı mesajlar bu gün əhalinin dilində əzbərə çevrilib.

 

Əlavə edilib ki, qardaş Türkiyənin dəstəyi müharibənin aqibətini müəyyən etmiş həlledici amillərdən biri olub. Türkiyə Prezidenti ilk saatlardan Azərbaycanın haqq işinə öz dəstəyini verib. Onun açıq və birmənalı açıqlamaları Azərbaycan xalqını çox sevindirib. Türkiyənin Azərbaycana verdiyi siyasi və mənəvi dəstək hər bir Azərbaycan vətəndaşını qürurlandırıb.

 

Bildirilib ki, cənab Prezident İlham Əliyevin 2020-ci il 3 dekabr tarixli Sərəncamı ilə xalqımızın qüdrətinin və milli qürurumuzun təntənəsinə çevrilən, dövlətimizin nüfuzu və gələcək inkişafı baxımından müstəsna əhəmiyyət kəsb edən bu misilsiz qələbənin əbədiləşdirilməsi məqsədilə hər il noyabrın 8-nin Azərbaycan Respublikasında Zəfər Günü kimi təntənəli şəkildə qeyd edilməsi qərara alınıb.

 

Vurğulanıb ki, artıq Azərbaycanın tarixində yeni səhifə başlayıb. Bundan sonra ölkəmiz yalnız inkişaf edəcək. Azad edilən torpaqlara yeni həyat qayıdacaq.

 

Tədbirin sonunda Zəfər Gününə həsr olunan film nümayiş olunub.

 



Onlayn konsultasiya