"Azərpoçt"da 206 ilin bir günü - Azərbaycan qəzetinin reportajı


09.10.2024 647


9 Oktyabr Ümumdünya Poçt Günü - poçt sahəsi işçilərinin peşə bayramıdır. Bu əlamətdar gün ilə bağlı Azərbaycan qəzeti "Azərpoçt"un qonağı olub və iş günündən reportaj hazırlayıb. 

Reportajı oxucuların diqqətinə çatdırırıq:

İstinad linki: bit.ly/3Yisauk

 

206 ilin bir günü

"Azərpoçt"un gərgin iş günündən reportaj

Oktyabrın 9-u onların peşə bayramıdır... 

Gündə yüzlərlə məktubu, teleqramı, bağlamanı... ünvanlarına çatdıran... 

Vətəndaşların onlara etibar etdikləri poçt bağlamalarını zamanında və etibarlı şəkildə sahiblərinə yetişdirmək üçün səylə çalışan - poçt işçilərinin...

Elə bayram ərəfəsində biz də yolumuzu hamının "mərkəzi poçt" kimi tanıdığı "Azərpoçt" MMC-nin 1 saylı filialının AZ1000 indeksli poçt şöbəsindən saldıq.

Məktublarımızın, bağlamalarımızın ünvanlarına çatdırılması prosesini həyata keçirən poçt işçilərinin bir iş günü ilə yaxından tanış olmaq üçün... 

Sözügedən ünvana yetişəndə gənc bir poçt işçisinin binanın qarşısındakı poçt qutusunu açaraq oradakı açıqcaları çıxardığını gördük. Düzü, bu proses marağımıza səbəb olduğuna görə dayanıb izləməyə başladıq. Axı çoxumuz elə düşünürük ki, texnologiyanın inkişaf etdiyi müasir dövrdə daha kimsə kimsəyə məktub, açıqca göndərmir... Ancaq indi poçt qutusundan çıxarılan bir neçə açıqca yanıldığımızı göstərirdi. Üzərlərində milli dəyərlərimizin fotoları əks olunan markaların yapışdırıldığı bu açıqcalar Azərbaycandan Rusiyaya, Ukraynaya və Portuqaliyaya ünvanlanmışdılar. Və böyük ehtimalla reportajımız qəzetdə dərc olunanda artıq sahibləri o açıqcalarda nələrin yazıldığını çoxdan oxumuş olacaqdılar...

...Sonra əlində kiçik bağlama olan bir gənc oğlanı "təqib" edərək biz də poçtun binasına daxil olduq. Müşahidə etdik ki, həmin gənc öncə sıra nömrəsi götürdü, vaxtı çatanda isə Xidmət şöbəsinə yanaşaraq gətirdiyi bağlamanı xanım əməliyyatçıya təqdim etdi. Bağlamanı təslim alan əməliyyatçı əvvəlcə açıb onun içərisində nə olduğunu yoxladı və özü səliqə ilə malı yenidən paketlədi. Bağlamanın üzərinə kimə çatacağı, ünvan və telefonla bağlı qeydlərini etdi. Onu tərəziyə qoyub çəkisini öyrəndi. Tariflərə uyğun qəbz yazıb oğlana təqdim etdi. Gözlərimizin qarşısında baş verən bütün bu proses çox tez, cəmi 10 dəqiqə çəkdi. 

Tanışlıq zamanı öyrəndik ki,  Qasım adlı 18 yaşlı gənc Almaniyada yaşayan qız dostuna hədiyyə olaraq jaket göndərir. O qeyd etdi ki, rahat olduğu üçün "Azərpoçt"un sözügedən xidmətindən çox tez-tez istifadə edərək dostuna hədiyyələr göndərir... 

 

206 illik tarix

Oktyabrın 9-u dünyada poçt sahəsi işçilərinin peşə bayramı - Ümumdünya Poçt Günü kimi qeyd olunur. Bu gün Ümumdünya Poçt İttifaqının (ÜPİ) XIV konqresinin qərarı ilə 1874-cü ildə İsveçrənin paytaxtı Berndə yaradılıb. Azərbaycanın 1993-cü ildə bu quruma üzv qəbul olunması respublikanın poçt sahəsi üzrə fəaliyyətinin genişlənməsinə əlavə imkanlar yaradıb. 

Azərbaycan poçtunun qədim tarixi var. 1818-ci ilin iyun ayının 1-də Azərbaycan ərazisində ilk poçt rabitəsi yaradılıb. İlk poçt kontoru respublikanın ikinci böyük şəhəri sayılan Gəncədə açılıb. Daha sonra Bakıda və Naxçıvanda poçt ekspedisiyaları təşkil edilib. Azərbaycanda poçtun dəmir yolu nəqliyyatı ilə daşınmasına 1883-cü il mayın 9-da Bakı-Tiflis, 1900-cü ildə isə Bakı-Dərbənd arasında başlanılıb.

Azərbaycanın ilk poçt markaları 1919-cu il oktyabrın 20-dən başlayaraq dövriyyəyə buraxılıb. İlk poçt markası Azərbaycan əsgərinə həsr olunub.

Məlumat verək ki, torpaqlarımız işğaldan azad ediləndən sonra Qarabağ və Şərqi Zəngəzurda da poçt xidmətlərinə başlanılıb. Belə ki, 2020-ci ildə Hadrutda, daha sonra Cocuq Mərcanlıda poçt şöbəsi yaradılıb. 2022-ci ildə isə Zəngilan rayonunun Ağalı kəndində poçt xidmətlərinin təşkili təmin olunub.

Hazırda Xankəndi poçt filialının yaradılması, Şuşa, Laçın, Xocavənd və Əsgəran şəhərlərində poçt xidmətlərinin təşkili üçün işlər davam etdirilir.

 

Zəfər təbrikləri 

1 saylı filialın AZ1000 indeksli poçt şöbəsinin müdiri Gövhər Qurbanova məlumat verdi ki, mərkəzi poçt şöbəsində əhaliyə kommunal, maliyyə, ənənəvi poçt və digər xidmətlər göstərilir. 6 xidmət sahəsi olan poçt şöbəsində 54 işçi növbəli sistemdə çalışır. Burada gün ərzində təxminən 600-700 müştəriyə xidmət göstərilir. 

Şöbə müdirinin sözlərinə görə, Azərbaycandan dünyanın əksər ölkələrinə məktublar, teleqramlar, bağlamalar göndərilir. Eyni zamanda da qəbul edilir. Poçt vasitəsilə bağlamaların xaricə göndərilməsinin ölkə daxilindən daha çox olduğunu qeyd edən G.Qurbanova bildirir ki, həmçinin xaricdən ölkəmizə göndərilən bağlamaların sayı artıb. Bunun səbəbi isə onlayn alış-verişə görədir: "Bağlamaların hamısının izləmə kodları olur. Bizim 13 simvoldan ibarət xüsusi ştrix kodlarımız var. Onu sistemə daxil edirik və müştəriyə üzərində izləmə kodu olan qəbz veririk. Bu vasitə ilə bağlama ünvanına çatdırılana qədər onu həm beynəlxalq, həm də yerli sistemdə izləmək olur". 

Gövhər Qurbanova vurğuladı ki, Vətən müharibəsi dövründə poçt sahəsində də xüsusi canlanma olub: "Həmin vaxt xeyli sayda əsgər ailələri teleqramlar, məktublar, bağlamalar göndərirdilər. Eyni zamanda ölkə daxilindən, xaricdən zəfərimizlə bağlı göndərilən təbrik teleqramlarının ard-arası kəsilmirdi. Onu da deyim ki, Marka şöbəmiz tərəfindən şanlı zəfərimizi tərənnüm edən markalar, zərflər və açıqcalar da buraxıldı". 

Öyrəndik ki, binanın girişində fotosu qoyulmuş və önünə gül dəstələri düzülmüş şəhid baş leytenant Rəşad Rəhimov vaxtilə "Azərpoçt" MMC-də inkassator vəzifəsində çalışıb. Könüllü olaraq Vətən müharibəsinə yollanan Rəşad Rəhimov 2020-ci il noyabrın 9-da Şuşa uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olub. 

Qəhrəman şəhidin xatirəsini əziz tutan iş yoldaşları hər il Rəşad Rəhimovun doğum və anım günlərini qeyd edir, onun məzarını ziyarət edərək ruhuna dualar oxuyurlar.  

 

Məktublar qapalı, bağlamalar açıq təhvil verilir... 

Məktublar şöbəsi poçtun ən qaynar xidmət şöbələrindən biridir. Amma indi burada daha çox rəsmi sənədlər məktub formasında göndərilir. Məsələn, hansısa dövlət qurumlarına, yaxud beynəlxalq universitetlərə tələbələrin sənədlərinin göndərilməsi və sair kimi. 

Əməliyyatçı Nigar Hüseynova söylədi ki, əvvəlki dövrlə müqayisədə indi məktub xidməti o qədər aktiv sayılmır: "Çünki kommunikasiya vasitələri dəyişib. Çox insan bu gün bir-biri ilə məktub vasitəsilə ünsiyyət qurmur, daha çox EMS-dən (Ekspress Mail Service), yəni sürətli poçt xidmətimizdən yararlanır. Tutaq ki, vətəndaş yaxınlaşıb desə ki, istəmir məktubu, yaxud bağlaması hansısa rayonumuza, ya da xarici ölkələrdən birinə bir həftəyə çatsın, ona EMS-lə xidmət göstərə bilirik. Adıçəkilən xidmət sayəsində daha sürətli çatdırılma həyata keçirilir. Bu zaman xidmət haqqında artım olur". 

N.Hüseynova dedi ki, məktublardan başqa bütün poçt  göndərişləri əməliyyatçılar tərəfindən bir-bir yoxlanılır: "Biz zərf veririk, vətəndaş yazdığı məktubu ora qoyub bağlayır və üzərindəki məlumatları da özü yazır. Məktubu bağlı halda qəbul edib ünvanına göndəririk. Onların çatdırılma müddəti isə məsafədən asılıdır". 

Xidmət şöbəsində çalışan əməliyyatçı Fatimə Abışova isə məlumat verdi ki, burada bağlamaların vətəndaşlardan qəbul edilməsi və göndərilməsi işini həyata keçirir: "Bağlamalar açıq şəkildə qəbul olunur. Əgər qapalıdırsa, mütləq açılır və qəbul zamanı yoxlanışdan keçirilir. İçərisində qadağan olunmuş malların siyahısında olan -  tez alışan maddə, kəsici əşya, ətir, tez xarab olan qida və sair varsa, onları xaric edirik və göndərişinə icazə vermirik. Malları yaxşı qablaşdırırıq. Tez sınan əşyalar olan bağlamaların üzərinə xəbərdarlıq blankları yapışdırılır ki, daşınan zaman problem yaranmasın".

Poçt şöbəsinin daimi müştərisi fərdi sahibkar Şahbaz Hüseynovun da malları elə yanımızdaca uzaq Amerikaya yola salınmaq üçün xüsusi diqqətlə qablaşdırıldı. 

 

Cəbhədən gələn məktublar...

Poçta gələsən, poçtalyonla görüşməyəsən?!. 

El dili ilə desək, bunsuz reportajımızın heç duzu olmazdı... Adətən, poçtalyon peşəsində kişiləri görməyə alışmışıq, amma bu peşəni şərəflə daşıyan qadın poçtalyonlarımız da az deyil. 

Xidmət sahəsindəki məktubları paylayıb yenicə işə qayıdan 56 yaşlı poçtalyon Xalidə Hüseynova da bu peşəyə könül verənlərdəndir. 

Xalidə xanım deyir ki, poçtalyon işi çətindir və insandan böyük məsuliyyət tələb edir: "Biz bütün məktub və teleqramların hamısını vaxtında sahiblərinə çatdırmalıyıq. Yağış, qar, tufan, ya da 40 dərəcə isti olsun, fərq etməz, işimizi zamanında yerinə yetirməyə borcluyuq". 

O, gülümsəyərək əlavə edir ki, illərdir poçtalyon kimi fəaliyyət göstərir, amma heç zaman Vətən müharibəsi dövründə olduğu qədər peşəsi ilə qürur duymayıb: "Torpaqlarımızı işğaldan azad edən qəhrəman döyüşçülərimizdən gələn məktubları ailələrinə çatdırırdım. O anda mən də həmin ata-anaların, bacı-qardaşların, həyat yoldaşlarının, övladların xoşbəxtliklərini paylaşır, sevinc gözyaşlarına qoşulurdum..."

Ümumiyyətlə, "mərkəzi poçt"da həmsöhbət olduğumuz işçilərin hamısı birmənalı olaraq, əsas məsuliyyətlərinin müştərilərini məmnun etmək olduğunu söylədilər. 

Poçt işinin insanlara xidmət olduğu üçün diqqət, səbir, ən əsası sevgi tələb etdiyini vurğuladılar. 

Artıq "Azərpoçt"da keçirdiyimiz dolu və maraqlı bir iş gününün sonuna yaxınlaşırdıq. Biz reportajımızı yekunlaşdırsaq da, poçt işçiləri burada hələ axşam saat səkkizə qədər xidmət göstərəcəkdilər...  

Gələn məktubları, teleqramları, bağlamaları vaxtında sahiblərinə çatdırmaq üçün...

 

Yasəmən MUSAYEVA, 

İlham BABAYEV (foto),

"Azərbaycan"

 



Onlayn konsultasiya