Poçt göndərişini necə ünvanlamalı?
 
Poçt göndərişlərinin üzərində, bağlamaların müşayiət sənədlərində, çatdırma haqqında xəbərnamə blanklarında və pul köçürmələrinin blanklarında göndərici və ünvançının ünvanları göndərici tərəfindən yazılır. Bu xidmətlər göndəricinin istəyi ilə əlavə xidmətə görə müvafiq ödəniş əsasında poçt işçisi tərəfindən yerinə yetirilə bilər.
Poçt ünvanı dəqiq və tam olmalıdır. Ünvanda qısaldılmış adların və ünvana aid olmayan işarələrin göstərilməsinə icazə verilmir.
Ünvançının ünvanı poçt göndərişinin ünvan tərəfinin aşağı sağ hissəsində, sətirlər və sözlərin hərfləri arasında boş yer saxlanılmadan yazılır.
Göndəricinin ünvanı poçt göndərişinin ünvan tərəfinin yuxarı sol hissəsində yazılır.
Ünvan yarlığı istifadə olunan poçt göndərişində, müşayiət ünvanı blankı və pul köçürməsi blankında xüsusi yerdə göndərici və ünvançının adı, soyadı və poçt ünvanı göstərilir.
Daxili poçt göndərişinin üzərində ünvançının ünvan məlumatları Azərbaycan dilində aşağıdakı ardıcıllıqla yazılır:
fiziki şəxslər üçün – ünvançının soyadı, adı, atasının adı, hüquqi şəxslər üçün – müəssisə, idarə və təşkilatın tam adı, alıcının adı, soyadı. Sadə və sifarişli poçt kartı, məktub və banderollarda (“Tələb olunanadək” ünvanlı göndərişlər istisna olmaqla) ünvançının yalnız adı və soyadı göstərilə bilər. Küçə və ev nömrələri olmayan yaşayış məntəqələrinə ünvanlanan poçt göndərişlərində ünvançının soyadı, adı və atasının adı tam göstərilir.
Küçənin adı, ev və mənzilin nömrəsi, yaşayış məntəqəsinin adı, poçt indeksi və rayonun adı, muxtar respublikanın adı (Naxçıvan MR-na ünvanlanan göndərişlər üçün) da qeyd olunmalıdır. Poçt göndərişi şəhərə ünvanlandıqda poçt indeksi şəhərin adından əvvəl yazılır.
Daxili və beynəlxalq poçt göndərişi və pul köçürməsi tələb olunanadək və ya abunə qutusuna ünvanlandıqda, ünvançının soyadı, adı və atasının adından sonra aşağıdakı məlumatlar göstərilir:
-“Tələb olunanadək” (“Abunə qutusu”) qeydi;
-yaşayış məntəqəsinin, rayonun adı;
-təyinat yerinin poçt obyektinin adı;
-poçt indeksi;
-təyinat ölkəsi (beynəlxalq poçt göndərişləri üçün).
“Tələb olunanadək” ünvanlı poçt göndərişinin üzərində ünvançının soyadı, adı və atasının adı əvəzinə onun şəxsiyyətini təsdiq edən sənədin nömrəsi yazıla bilər.
Poçt göndərişlərinin üzərində ünvan məlumatları mürəkkəblə və ya diyircəkli qələmlə (qırmızı, sarı, yaşıl rənglərdən başqa) aydın yazılmalı və ya çap olunmalıdır. Poçt göndərişinin üzərinə əllə yazılmış və ya çap olunmuş ünvan yarlığı yapışdırıla bilər.
Beynəlxalq poçt göndərişinin üzərində alıcının adı, soyadı və onun poçt ünvanı latın hərfləri və ərəb rəqəmləri ilə yazılır. Alıcının ünvanı dəqiq və tam olmalıdır. Poçt ünvanı təyinat ölkəsinin dilində yazıldıqda, onun altında yaşayış məntəqəsinin və təyinat ölkəsinin adı Azərbaycan dilində (baş hərflərlə) təkrar olunur.
Göndəricinin adı, soyadı və onun poçt ünvanı Azərbaycan dilində və ya latın hərfləri və ərəb rəqəmləri ilə yazılır. Poçt ünvanı Azərbaycan dilində yazıldıqda, onun altında yaşayış məntəqəsinin və ölkənin adı latın hərfləri ilə (baş hərflərlə) təkrar olunur.
Qeydiyyatlı poçt göndərişləri və pul köçürmələri göndəricinin ünvanı göstərilmədikdə, göndərilmə üçün qəbul olunmur.
Hüquqi şəxslər tərəfindən göndərilən və ya onlara ünvanlanan pul köçürmələrinin blanklarında hüquqi şəxsin adı və poçt ünvanından başqa onun bank rekvizitləri də göstərilir.
Fiziki şəxslərin şəxsi hesablarına köçürülmək üçün bankın ünvanına göndərilən pul köçürmələrinin blanklarında fiziki şəxsin bankdakı şəxsi hesab nömrəsi və zəruri bank rekvizitləri göstərilir.
Beynəlxalq pul köçürmələri blanklarında göndərici və ünvançının adları və poçt ünvanları ikitərəfli beynəlxalq müqavilələrlə müəyyən edilmiş dildə və ya latın hərfləri və ərəb rəqəmləri ilə göstərilir.
Pul köçürməsi ilə göndərilən vəsaitin məbləği aydın və düzəlişsiz yazılmalı, hərf və rəqəmlərdə silinmə və qaralamaya yol verilməməlidir.
Poçt göndərişlərinin bəyan olunmuş qiyməti manatla, tam ədədlə göstərilməlidir. Bəyan olunmuş qiymətin və ödəmə şərtinin məbləği rəqəm və hərflərlə göstərilir.
Bağlamanın göndəricisi müşayiət ünvanı blankında bağlamanın alıcıya verilməsi mümkün olmadığı halda onunla nə ediləcəyi barədə sərəncam verməlidir. Beynəlxalq bağlamalarda bu sərəncam həm də bağlamanın üz tərəfinə yapışdırılmış xüsusi yarlıqda qeyd edilir.
Göndərici daxili poçt göndərişini eyni ünvanda yaşayan bir neçə ünvançıya ünvanlaya bilər (“Tələb olunanadək” və ya abunə qutusuna ünvanlanan göndərişlər istisna olmaqla). Belə hallarda poçt göndərişi ünvançılardan birinə verilir.
Daxili məktub və poçt kartlarının üzərində poçt indeksi xüsusi nəzərdə tutulmuş yerdə müəyyən olunmuş üslubda hərf və rəqəmlərlə qara və ya göy rəngli mürəkkəblə yazılır.
Alıcı və göndəricinin poçt ünvanının dəqiqləşdirilməsi poçt rabitəsi operatorunun öhdəliyinə daxil deyildir. 
 
Qeyd: Poçt ünvanı Ümumdünya poçt İttifaqının S42 standartına uyğun olaraq dəqiq və tam olmalıdır. Ətraflı aşağıdakı linkdə tanış ola bilərsiniz.