Teleqramların qəbulu
“Teleqramlar haqqında “Müvəqqəti Qaydalar”dan çıxarış
1.4. Teleqramların qəbulu.
1.4.1. Teleqramın dili:
1.4.1.1. Azərbaycan Respublikası daxilində teleqramlar azərbaycan dilində latın əlifbası və ərəb rəqəmləri ilə tərtib olunur ;
1.4.1.2. beynəlxalq teleqramlar təyinat ölkəsinin dilində, ingilis və ya fransız dillərində latın əlifbası və ərəb rəqəmləri ilə tərtib olunur;
1.4.1.3. beynəlxalq teleqramların ünvan və xidməti qeydlər hissəsi təyinat ölkəsinin dilində, ingilis və ya fransız dillərində latın əlifbası və ərəb rəqəmləri ilə, mətn isə azərbaycan dilində latın əlifbası ilə yazıla bilər;
1.4.1.4. MDB ölkələrinə, Litva və Estoniya respublikalarına göndərilən teleqramların ünvan hissəsi, xidməti qeydlər, alıcının adı, soyadı və atasının adı təyinat ölkəsinin dilində və ya rus dilində, kiril və ya latın əlifbası və ərəb rəqəmləri ilə, mətni isə istənilən dildə kiril və ya latın əlifbası və ərəb rəqəmləri ilə yazılır;
1.4.1.5. daxili və beynəlxalq teleqramlarda latın əlifbasından , MDB ölkələri, Litva və Estoniya Respublikalarına ünvanlanan teleqramlarda isə latın və kiril əlifbalarından, ərəb rəqəmlərindən və durğu işarələrindən istifadə edilir:
1.4.2. Teleqramın tərtib olunması və ünvanın yazılması:
1.4.2.1. teleqramlar F.TQ-1 və F.TQ-22 blanklarında (Əlavə 2, 3, 4, 5) göndərici tərəfindən diyircəkli qələmlə və ya çap edilməklə aydın və düzəlişə yol verilməməklə yazılır. Müstəsna hallarda teleqrama edilmiş düzəliş, teleqram blankının aşagı hissəsində göndəricinin imzası ilə təsdiqlənir.
1.4.2.2. Teleqram, göndərici tərəfindən onun kateqoriyası və növü göstərilməklə aşağıdakı qaydada tərtıb olunur:
- ünvan (daxili teleqramlarda ardıcıllıq: kənd, qəsəbə, rayon mərkəzi, şəhər; beynəlxalq teleqramlarda: əvvəlcə ölkə, sonra göstərilən ardıcıllıq; bunlardan sonra teleqramın çatdırılması üçün vacib olan digər ünvan göstəriciləri: təyinat məntəqəsində poçt şöbəsinin indeksi, küçənin adı, evin, mənzilin və telefonun nömrəsi);
-ünvan sahibinin adı, soyadı, (atasının adı, tələb olunarsa);
- teleqramın mətni;
- göndəricinin adı, (imzası, tələb olunarsa);
1.4.2.3. teleqram blankının aşağı hissəsində xəttin altında göndəricinin ünvanı, soyadı, adı, telefon nömrəsi və ya “ Yolüstü” qeydi yazılır. Bu məlumatlar haqqı ödənilən sözlər kimi hesablanmır, göndəricidən haqq alınmır və kompüterlə ötürülmür;
1.4.2.4. Ali Hakimiyyət Orqanlarına ünvanlanan teleqramların mətnində göndəricinin adı, soyadı, atasının adı və ünvanı mütləq qaydada göstərilməli və buna görə haqq alınmalıdır.Göndəricinin istəyi ilə onun iş yerinin, təhsil ocağının adı, ünvanı, telefon nömrəsi və s. məlumatlar teleqramın mətn hissəsində yazılaraq kompüterlə ötürüldükdə, bu məlumatlar haqqı ödənilən sözlər kimi hesablanır və göndəricidən haqq alınır.
Teleqram blankının aşağı hissəsində, xəttin altında mütləq qaydada göndəricinin şəxsiyyətini təsdiq edən sənədin məlumatları və göndərici barədə ünvan məlumatları (əgər mətn hissəsində bu məlumatlar göstərilməyibsə) göstərilir, bu məlumatlar haqqı ödənilən sözlər kimi hesablanmır, göndəricidən haqq alınmır və kompüterlə ötürülmür.
1.4.2.5. Qrup adından Ali Hakimiyyət Orqanlarına göndərilən teleqramların mətnində göndəricinin (qrupa daxil olan şəxslərdən bir nəfər göndərici olmalıdır) adı, soyadı, atasının adı, ünvanı və qrupa daxil olan şəxslərin sayı mütləq qaydada göstərilməli və buna görə haqq alınmalıdır.Göndəricinin istəyi ilə onun, yaxud qrup üzvlərinin iş yerinin, təhsil ocağının adı, ünvanı, telefon nömrəsi və s. məlumatlar teleqramın mətn hissəsində yazılaraq kompüterlə ötürüldükdə, bu məlumatlar haqqı ödənilən sözlər kimi hesablanır və göndəricidən haqq alınır.
Teleqram blankının aşağı hissəsində, xəttin altında mütləq qaydada göndəricinin (qrup üzvlərindən birinin) şəxsiyyətini təsdiq edən sənədin məlumatları və qrup üzvləri barədə ünvan məlumatları (əgər mətn hissəsində bu məlumatlar göstərilməyibsə) göstərilir, bu məlumatlar haqqı ödənilən sözlər kimi hesablanmır, göndəricidən haqq alınmır və kompüterlə ötürülmür.
1.4.2.6. Mətnində nalayiq sözlər və söyüş xarakterli ifadələr yazılmış, həmçinin mətnsiz, yalnız ünvandan ibarət olan teleqramlar qəbul olunmur;
1.4.2.7. “Tələb olunanadək” qeydli teleqramlar poçt müəssisələrinə, abunə qutularına, kənd yerlərinə alıcının adı, soyadı, atasının adı tam göstərildikdə qəbul olunur;
1.5. Teleqramların çatdırılması.
1.5.2. Teleqramlar ünvan sahiblərinə müəyyən edilmiş nəzarət keçid müddətlərində və PŞ-lərin iş rejimləri nəzərə alınmaqla aşağıdakı ardıcıllıqla çatdırılır:
1.5.2.1. növbədənkənar və hökuməti teleqramlar şəhər və rayon mərkəzlərində iş günü ərzində ilk növbədə 1 saat ərzində işlənir və çatdırılır;
1.5.2.2. ölüm hadisəsi, tarixi və vaxtı göstərilən görüşlər barədə verilən təcili və adi teleqramlar şəhər və rayon mərkəzlərində 2 saat ərzində işlənir və çatdırılır;
1.5.2.3. adi teleqramlar şəhərlərdə və rayon mərkəzlərində 4 iş saatı ərzində işlənir və çatdırılır ;
1.5.2.4. poçt müəssisəsinin poçtalyonu öz işini başa çatdırmağa 30 dəqiqə qalmış daxil olan teleqramlar həmin gün, bu müddətdən sonra daxil olan teleqramlar ertəsi gün saat 10.00 –a qədər çatdırılır;
1.5.2.5. hüquqi şəxslərin ünvanına daxil olan təcili teleqramlar 2 saat, adi isə 4 saat ərzində işlənir və çatdırılır ;
1.5.2.6. hüquqi şəxslərin iş vaxtından sonra, bayram və istirahət günlərində daxil olan teleqramlar, hüquqi şəxsin növbəti iş günündə saat 10.00-a qədər çatdırılır;
1.5.2.7. hüquqi şəxsin poçt müssisələri ilə yazılı razılaşmasına əsasən teleqramların onlara vaxtaşırı çatdırılmasına icazə verilir. ( gündə 2-3 dəfə);
1.5.2.8. çatdırma müddəti təyin edilmiş teleqramlar bir gün əvvəl daxil olduqda, təyin olunmuş tarixdə ilk çatdırma ilə ünvan sahibinə çatdırılır;
1.5.2.9. çatdırılması təyin olunmuş gün daxil olan teleqramlar isə PŞ-nin iş günü ərzində nəzarət müddəti nəzərə alınmadan həmin gün çatdırılır;
1.5.2.10. təbrik və xəbərnamə teleqramları ünvan sahiblərinə nəzarət keçid müddəti nəzərə alınmadan PŞ-nin iş günü ərzində həmin gün çatdırılır.