Sürətli poçt xidməti
EMS göndərişinin tərkibi sənədlərdən və ya mallardan, yaxud hər ikisindən ibarət ola bilər. EMS göndərişinin tərkibində daxili, kuryer və beynəlxalq göndərişlərdə göndərilməsinə qadağa qoyulan mallar olmamalıdır. Yalnız beynəlxalq göndərişlərdə göndərilməsinə şərti icazə verilən mallar üçün göndərici tələb olunan sənədləri təqdim etməlidir.
Daxili və kuryer EMS göndərişi üçün maksimum çəki 50 kq müəyyən edilmişdir. EMS göndərişinin ölçülərindən (uzunluğu, eni, hündürlüyü) hər hansı biri 1,5 m-dən və ya uzunluğu ilə uzunluğundan başqa hər hansı istiqamətdə ölçülmüş ən böyük çevrəsinin uzunluğu cəmi 3 m-dən artıq olmamalıdır.
Beynəlxalq EMS göndərişinin çəkisi və ölçüləri təyinat ölkəsinin müəyyənləşdirdiyi çəki və ölçü məhdudiyyətlərini aşmamalıdır.
Qəbul zamanı göndərişin içərisindəkilər açıq şəkildə təqdim olunur, poçt işçisi və göndəricinin iştirakı ilə göndəriş qablaşdırılır və möhürlənir (mübadilə məntəqələrində göndərişlər poçt işçiləri tərəfindən xidməti qaydada açılıb, içərisindəkilər aktlaşdırılaraq yenidən möhürlənə bilər). Qablaşdırma aşağıdakı tələblərə uyğun olmalıdır:
• hər bir göndəriş tərkibinin xarakterinə, həmçinin nəqletmənin növünə və müddətinə uyğun qablaşdırılmalıdır,
• hər bir göndəriş elə qablaşdırılmalıdır ki, onu emal edən işçilər üçün təhlükə törətməsin, həmçinin digər poçt göndərişlərini və poçt avadanlıqlarını çirkləndirməsin və zədələməsin,
• şüşə əşyalar və digər kövrək mallar içərisi müvafiq qoruyucu materiallarla doldurulmuş möhkəm qutulara qablaşdırılmalıdır. Qablaşdırma elə olunmalıdır ki, nəqletmə vaxtı istər əşyaların özləri arasında, istərsə də əşyalarla qutunun divarları arasında hər hansı sürtünmə və ya zərbələr istisna olunsun,
• mayelər və ya maye halına asanlıqla keçən maddələr keyfiyyətli hazırlanmış hermetik konteynerlərə doldurulmalıdır. Hər bir konteyner, içərisində bu konteynerin sınacağı halda mayeni ozünə tam hopdura biləcək müvafiq qoruyucu material olan xüsusi möhkəm qutuya yerləşdirilməlidir. Qutunun qapağı elə bərkidilməlidir ki, lazım gəldikdə onu asanlıqla açmaq olsun,
• maye halına qeyri-asanlıqla keçən yağlı maddələr, məsələn krem, maye sabun, qətran və s. qutuda, lifli kisədə, plastik qabda ilkin qablaşdırılmalı, sonra bu qab içərisindəkini axmaqdan qoruyan kifayət qədər möhkəm ikinci qutuya yerləşdirilməlidir,
• quru, rəngləyici tozlar, məsələn mavi anilin və s. keyfiyyətli hazırlanmış hermetik metal qablara qablaşdırılmalı və bu qablar da öz növbəsində içərisində müvafiq miqdarda absorbent və qoruyucu material olan möhkəm qutulara yerləşdirilməlidir,
• quru, qeyri-rəngləyici tozları möhkəm konteynerlərə yerləşdirməli və bu konteynerlər də öz növbəsində bərk qutulara qablaşdırılmalıdır,
• içərisində təcili tələb olunan medikamentlər və ya kimyəvi maddə nümunələri olan göndərişin ünvançının ünvanı göstərilən tərəfinə Konvensiyada (maddə PK 126) nəzərdə tutulduğu qaydada açıq-yaşıl rəngli yarlıq yapışdırılmalıdır,
• adətən ticarətdə qablaşdırılmayan, bir parçadan (hissədən) ibarət əşyalar, məsələn ağac parçası, metal parçası və s. üçün qablaşdırma tələb olunmur. Bu halda ünvan yarlığı birbaşa əşyanın üzərinə yapışdırılmalıdır.
Göndəriş qablaşdırılıb möhürləndikdən sonra bir ədəd ünvan yarlığı ilə birlikdə elektron tərəzidə çəkilir və göndərişin brutto çəkisi (göndərişin qutu ilə birlikdə olan çəkisi) müəyyənləşdirilir. Xidmətin qiyməti brutto çəkiyə görə təyin edilir. Bundan sonra ünvan yarlığı və qəbz doldurulur. Ünvan yarlığının göndəriciyə aid hissəsi və qəbzin əsli müştəriyə verilir.