“Azərpoçt” MMC beynəlxalq əməkdaşlığını davam etdirir


26.01.2024 684


Xəbər verdiyimiz kimi, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində fəaliyyət göstərən “Azərpoçt” MMC 2023-cü ildən yeni beynəlxalq əməkdaşlığa başlayıb. Belə ki, keçən il, milli poçt operatoru Yaponiyanın Daxili İşlər və Kommunikasiya Nazirliyi ilə poçt çeşidləmə mərkəzinin tikintisi, o cümlədən poçt daşımada işin keyfiyyətinin qaldırılması istiqamətində məsləhətləşmələr aparmış və növbəti illər üçün əməkdaşlığın əsasını qoymuşdur.

 

Əməkdaşlığın davamı olaraq, bugünlərdə Bakıda olan yapon nümayəndə heyəti “Azərpoçt” MMC-nin poçtdaşıma mərkəzində, poçt şöbələrində müşahidələr aparmış, iş prosesi ilə yaxından tanış olmuşdur. Daha sonra mərkəzi ofisdə MMC-nin rəhbər heyəti ilə görüşdə olan Yaponiyalı qonaqlar yeni tikiləcək poçt çeşidləmə mərkəzinin layihələndirilməsi ilə bağlı təqdimatlar etmiş və müzakirələr aparmışdır.

 

O da qeyd olunmalıdır ki, bu əməkdaşlıqda layihə rəhbəri olaraq  Yaponiyanın “EY Strategy & Consulting” şirkəti çıxış edir. Digər əsas iştirakçı tərəflər isə Yaponiya Poçt Holdinq, “Toshiba”, eləcə də “Mitsui&CO” şirkətləridir. Belə ki, adı çəkilən təşkilatlar poçt çeşidləmə mərkəzinin yenidən tikilməsi üçün araşdırma işləri aparır. Onlar poçtdaşıma işinin həyata keçirilməsi üçün müxtəlif sahələrdə öz tövsiyələrini verəcək və işlərin icrasına dəstək olacaqlar.

 

Məlumat üçün qeyd edək ki, hazırda “Azərpoçt” MMC-nin poçtdaşıma mərkəzi tamamilə köhnə infrastruktura malikdir və poçt bağlamalarının çeşidlənməsi  manual şəkildə aparılır, bu isə öz növbəsində ölkə üzrə poçt göndərişlərinin sürətlə çatdırılmasına ciddi şəkildə mane olur. Lakin, tikiləcək yeni poçt çeşidləmə mərkəzinin fəaliyyəti nəticəsində poçt göndərişlərinin sürətli icrası problemi kökündən həll olunacaq və beləliklə, poçt müştərilərinin məmnuniyyəti əhəmiyyətli dərəcədə təmin olunmuş olacaq.

 



Onlayn konsultasiya